QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu Azərbaycanda avtomobillərin idxalı və dizel mühərriklərinin emissiya sistemləri ilə bağlı problemləri şərh edib.
Raufoğlunun sözlərinə görə, “Avro-5” standartı ilə bağlı qərar ölkədə təxminən 10 il əvvəl qəbul olunub. Hazırda “Avro-5”dən aşağı normaya cavab verən avtomobillərin idxalı mümkün deyil. O, bu məhdudiyyətin beş deyil, səkkiz ildir tətbiq olunduğunu bildirib.
Ekspertin qeyd edib ki, əsas çətinlik dizel mühərrikli avtomobillərlə bağlıdır. Sürücülər keyfiyyətsiz yeni Çin avtomobilləri və digər markalar əvəzinə, 10 il istifadə edilmiş, keyfiyyətli, məsələn, “Mercedes” markalı maşınların gətirilməsini daha məqsədəuyğun sayırlar.
Raufoğlu bildirib ki, avtomobil parkının yenilənməsi dövlət üçün prioritet olduğundan, yaşı səkkiz ildən artıq olan nəqliyyat vasitələrinin idxalına qoyulan qadağa doğru addımdır. Bununla belə, “Avro-5” və “Avro-6” tələblərinə uyğun olmayan dizel avtomobillərin ölkəyə gətirilməsinə icazə verilmir.
Ekspertin sözlərinə görə, avtomobillərdə zərərli qazların havaya buraxılmasını azaltmaq üçün “adblue” və DPF sistemləri quraşdırılır. Lakin yerli yanacaqla işləməkdə çətinlik yarandığı üçün sürücülər bir müddət sonra bu avadanlıqları sökürlər. Nəticədə avtomobillər “Avro-2” səviyyəsinə düşür.
Raufoğlu əlavə edib ki, idxal zamanı gömrükdə formal şəkildə tətbiq edilən qərara ölkə daxilində nəzarət olunmur. Alternativ yolu olmayan sürücülər zərərli tullantılar yayan avtomobillərlə hərəkəti davam etdirməli olurlar. Onun fikrincə, belə vəziyyət qərarın məntiqi əsasını aradan qaldırır.
Qeyd edək ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi şəxsi istifadə məqsədilə fiziki şəxslərin idxal etdiyi avtomobillər üçün yeni şərtlər müəyyənləşdirib. Qaydalar nəqliyyat vasitələrinin ən azı “Avro-5” ekoloji standartına cavab verməsini və istehsal tarixindən beş ildən artıq vaxt keçməməsini nəzərdə tutur.