QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovu “Şərəf” ordeni ilə təltif edib.
Kamran Sultan oğlu İmanov 5 noyabr 1946-cı ildə Bakıda anadan olub. 1964-cü ildə Bakı şəhərindəki 1 nömrəli orta məktəbi əla qiymətlərlə bitirib, 1969-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsilini başa vurub.
İmanov əmək fəaliyyətinə təhsil aldığı institutda başlayıb. Sonralar Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinə rəhbərlik edib, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda prorektor və birinci prorektor vəzifələrində çalışıb.
Dövlət idarəçiliyində müxtəlif məsul postlar tutan İmanov 1993-1995-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) sədrlik edib. 1995-2006 və 2008-2018-ci illərdə Müəllif Hüquqları Agentliyinin rəhbəri, 2006-2008-ci illərdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub. Prezidentin 7 may 2018-ci il tarixli sərəncamı ilə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib və hazırda bu vəzifədədir.
Professor İmanov elmi-pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycanın və Türkiyənin ali məktəblərində mühazirələr deyib. Bakı Dövlət Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində Əqli mülkiyyət kafedralarının yaradılması təşəbbüsünü irəli sürüb. O, əqli mülkiyyət sahəsində əsas qanunvericilik aktlarının, 110-dan çox elmi əsərin, o cümlədən erməni plagiatını ifşa edən 40-dan artıq kitab və məqalənin müəllifidir.
İmanov beynəlxalq təşkilatlarda da vəzifələr tutub: Bern Konvensiyası İttifaqı Assambleyasının və Avrasiya Patent Təşkilatının İnzibati Şurasının sədri seçilib.
Fəaliyyətinə görə o, əvvəllər 3-cü və 1-ci dərəcəli “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri, eləcə də müxtəlif yerli və beynəlxalq mükafatlarla təltif olunub.