QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün növbəti icbari təlimlər keçirilib. Tədbirlər peşə hazırlığının artırılması proqramının birinci istiqaməti üzrə təşkil olunub.

Oktyabrın 31-də hibrid formatda “Vəkillərin etik davranış qaydaları: nəzəri və təcrübi məsələlər” mövzusunda təlim baş tutub. İştirakçıları salamlayan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov tədbirə uğurlar arzulayıb.

Bağırov qeyd edib ki, peşə bilik və bacarıqlarının davamlı artırılması, qanunvericilikdəki dəyişikliklərin öyrənilməsi və məhkəmə təcrübəsinin dərindən mənimsənilməsi göstərilən hüquqi yardımın keyfiyyətinə təsir edir.

Onun sözlərinə görə, mütəmadi təlimlər nəzəri bilikləri praktikada möhkəmləndirməyə, peşə fəaliyyəti zamanı yaranan məsələlərin həllinə və hüquqi müdafiə vasitələrinin təkmilləşdirilməsinə imkan verir. Vəkilliklə bağlı qanunvericiliyin çağdaş tələblərə uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi və hüquqi mexanizmlərin inkişafı da vəkillik institutunun güclənməsi üçün əsas istiqamətlərdəndir.

Sədr etik davranış mövzusunun əhəmiyyətinə toxunaraq bildirib ki, bu təlimlər vəkillərə etik prinsipləri dərindən öyrənmək, iş zamanı rastlaşdıqları praktiki məsələləri qiymətləndirmək və mümkün pozuntuların qarşısını almaq üçün şərait yaradır. Müstəqillik, vicdanlılıq, məxfilik, maraqlar toqquşmasının önlənməsi və müdafiə edilən şəxsin qanuni mənafelərinə məsuliyyətli yanaşma məsələlərinin müzakirəsi peşə məsuliyyətini gücləndirməyə xidmət edir.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvləri Ruslan Vəliyev və Paşa Səfərov təqdimatlarla çıxış ediblər. Onlar peşə etikası və məsuliyyəti, müstəqil fəaliyyət, vicdanlılıq və dürüstlük prinsipləri, vəkil sirrinin qorunması, məxfilik və maraqlar toqquşmasının qarşısının alınması mövzularını əhatə ediblər. Çıxışlarda etik öhdəliklər, nəzəri və praktiki əsaslar, etik normaların tətbiqi, müdafiə olunan şəxsin hüquqlarına münasibət, intizam icraatı və pozuntuların qiymətləndirilməsi də nəzərdən keçirilib.

Vəkillər üçün “İnzibati məhkəmə icraatında iddianın növləri və düzgün iddia növünün müəyyən edilməsi” mövzusunda da hibrid təlim keçirilib. Ali Məhkəmənin hakimi Xəyalə Cəmilova iddiaçının hüquqi məqsədi, iddianın predmeti və növü arasındakı əlaqə, iddianın mümkünlüyü və əsaslılığı, hüquqi maraq, aidiyyət və prosessual şərtlər barədə danışıb.

Təqdimatda mübahisələndirmə iddiası, inzibati aktın bütövlükdə və ya qismən ləğvi, yaxud dəyişdirilməsi, icra olunmuş və ya qüvvədən düşmüş aktlar üzrə müdafiə yolları da izah edilib. Cəmilova, həmçinin məcburetmə iddiası, inzibati aktın qəbulundan imtina, məhkəmənin səlahiyyətləri, diskresion səlahiyyət və qiymətləndirmə azadlığı, öhdəliyin icrası tələbi ilə məcburetmə iddiası arasındakı fərqlərə toxunub.

Təlimlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov da daxil olmaqla, Kollegiyanın 1 387 üzvü iştirak edib.