QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ukrayna noyabrın 18-nə keçən gecə Rusiyanın Krasnodar diyarındakı iki böyük neft emalı zavodunu dronlarla hədəfə alıb. Hadisə Severski rayonunda qeydə alınıb.

Regional əməliyyat qərargahının açıqlamasına əsasən, dron qalıqları iki müəssisənin ərazisində yanğına yol açıb. Ukraynanın “Eksilena+” monitorinq kanalı hədəflərin Afipski və İlski zavodları olduğunu bildirib. “Astra” nəşrinin mənbələri də hər iki ərazidə yanğın baş verdiyini təsdiqləyib.

Afipski Neft Emalı Zavodu Krasnodar diyarının üç ən iri belə müəssisəsindən biridir. İldə 7 milyon tondan artıq neft emal edə bilən zavod benzin, dizel və aviasiya yanacağı, eləcə də başqa neft məhsulları istehsal edir. Müəssisənin istehsalı əsasən ixrac üçün nəzərdə tutulur.

Bu il Afipski zavodu səkkizinci dəfə dron hücumuna məruz qalıb. Son bir ayda baş verən ikinci hücumdan əvvəlki hadisə noyabrın 6-da qeydə alınmışdı.

Regionun böyük müəssisələrindən sayılan İlski zavodunun illik emal gücü təxminən 6,6 milyon tondur. Burada benzin, dizel və digər neft məhsulları istehsal olunur. Zavod sonuncu dəfə noyabrın 16-da dron hücumuna məruz qalıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hücum zamanı hər iki müəssisədə üç atmosfer distillə qurğusunun vurulduğunu iddia edib.

Məlumata görə, oktyabrın sonlarından Ukrayna qüvvələri Rusiyanın neft emalı zavodlarına hücumları artırıb. Son həftələrdə ölkədə fəaliyyət göstərən 35 zavoddan təxminən 10-u dronların hədəfi olub. Hücuma məruz qalan müəssisələr sırasında Novokuibışevsk, Ryazan, Afipski, Saratov, Yaroslavl, Omsk, Nijni Novqorod, Ufa və Kirişi zavodları da yer alır.

“Reuters” agentliyinə danışan məlumatlı şəxslər hücumların Rusiyada xam neft emalını ötən ayın sonundakı səviyyə ilə müqayisədə 30 faiz azaltdığını bildiriblər. Mənbələrin hesablamasına görə, oktyabrın sonunda gündəlik emal təxminən 700 min ton, yaxud 5 milyon barel olduğu halda, noyabrın ortalarında 500 min tona enib.

Zavodlara zərbələrin Rusiyanın daxili yanacaq bazarına da təsir etdiyi bildirilir. Ölkənin azı səkkiz regionunda yanacaqdoldurma məntəqələrində yanacaq qıtlığı yaranıb və satışa məhdudiyyət qoyulub.

Məhdudiyyətlər Leninqrad, Nijni Novqorod, Arxangelsk, Novosibirsk və Penza vilayətlərində, həmçinin Kareliya və Buryatiyada tətbiq edilir. Moskva şəhərində “Rosneft” yanacaqdoldurma məntəqələri də satış məhdudiyyətlərini yenidən qüvvəyə mindirib: bir avtomobilə 50 litrdən, bir yanacaq qabına isə 20 litrdən artıq yanacaq verilmir.