QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Yel Universitetinin epidemioloqu Kolin Karlson 2026–2027-ci illərdə gözlənilən El Nino hadisəsinin dünyada ciddi insan tələfatına yol aça biləcəyini bildirib. Onun fikrincə, nəticələr 2009-cu ildə təxminən 284 min nəfərin ölümünə səbəb olan donuz qripi pandemiyasından da ağır ola bilər.
Karlson Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) El Ninonu beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan etməyi təklif edib. Alim qarşıdakı dövrdə kəskin istilərin və yoluxucu xəstəliklərin yayılmasının qlobal sağlamlıq böhranı yarada biləcəyini deyib.
Karlson və İndiana Universitetinin iqlimşünası Kristofer Kallaxan “Think Global Health” jurnalında dərc olunan məqalələrində risklərin miqyasını vurğulayıblar. Onların qiymətləndirməsinə əsasən, istilərlə yanaşı denge qızdırması, vəba və digər yoluxucu xəstəliklər də daha geniş yayıla bilər.
Çikaqo Universitetinin İqlim Təsirləri Laboratoriyasının hesablamalarına görə, 2026-cı ilin iyunundan 2027-ci ilin fevralınadək həddindən artıq isti hava 451 min insanın ölümünə səbəb ola bilər. Həmin müddətdə ekstremal isti günlərin sayı adi illərlə müqayisədə 44 faiz çox olacaq.
Proqnozda ən ağır təsirin Afrikanın Sahel bölgəsində qeydə alınacağı bildirilir: istilərlə bağlı ölüm sayı 66 min 800-ə çata bilər. Bu rəqəmin 31 min 400-ü Nigeriyada, 17 min 500-ü Sudanda, 10 mini Nigerdə, 8 mini isə Çadda ola bilər.
İndoneziyada 19 min 300, Hindistanda 15 min 800, Braziliyada isə 13 min 300 nəfərin isti hava səbəbindən həyatını itirəcəyi ehtimal olunur. Laboratoriyanın oktyabrda istifadəyə verdiyi monitorinq alətində daha uzun dövr üçün hesablamalar da əks olunub. Həmin proqnoza əsasən, El Nino ilə əlaqəli istilərin ümumi ölüm sayı 857 minə yaxınlaşa bilər.
Dünya Meteorologiya Təşkilatının hesabatında son dörd ilin müşahidələr tarixində ən isti dövrlər olduğu qeyd edilib. Qurum El Ninonun 2027-ci ilin böyük hissəsində temperaturu yüksəldə və ekstremal hava şəraitini gücləndirə biləcəyi barədə xəbərdarlıq edib.
BMT-nin İqlim üzrə rəhbəri Simon Stiell də super El Ninonun gücləndirdiyi iqlim böhranını pandemiya miqyasında qlobal sağlamlıq problemi kimi qiymətləndirib.
El Nino Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturunun normadan artıq yüksəlməsi ilə müşayiət olunan təbii iqlim hadisəsidir. O, dünyanın müxtəlif yerlərində istilik dalğalarına, quraqlığa, leysanlara və başqa ekstremal hava şəraitinə təsir göstərə bilər.