QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Yaqaylo (təxminən 1362–1434) Litva Böyük Knyazlığını idarə edib, Polşa kralı olub və Yagellonlar sülaləsinin əsasını qoyub. O, Litva Böyük Knyazı Olqerdlə Tver knyazı Aleksandrın qızı Ulyana Tverskayanın oğlu idi.
1377-ci ildə atasının vəfatından sonra taxt uğrunda mübarizəyə başlayan Yaqaylonun əsas rəqibləri böyük qardaşı, Polotsk knyazı Andrey və əmisi Keystut idi. 1380-ci ildə Moskva knyazlığına qarşı tatar hökmdarı Mamayla birləşsə də, həmin ilki Kulikovo döyüşünə qatılmadı.
Keystut 1381-ci ildə Vilnüsü tutaraq Yaqaylonu hakimiyyətdən kənarlaşdırdı. Yaqaylo növbəti il yenidən hakimiyyətə gəldi, Keystutu və oğlu Vitovtu əsir aldı. Bir müddət sonra Keystut Kreva qalasında müəmmalı şəraitdə öldü, Vitovt isə Tevton ordeninin ərazilərinə qaçdı.
1385-ci il avqustun 14-də Polşa ilə Krevo ittifaqı imzalandı. Saziş Yaqaylonun katolikliyi qəbul etməsini, Polşa kraliçası Yadviga ilə evlənməsini və Litvada xristianlığın yayılmasına şərait yaratmasını nəzərdə tuturdu.
Yaqaylo 1386-cı ilin fevralında katolik oldu və Vladislav adını aldı. O, Yadviga ilə evləndikdən sonra martın 4-də Vladislav II Yagello adı ilə Polşa kralı kimi taclandı.
1387-ci ildə Litvanın bütpərəst əhalisinin rəsmi xristianlaşdırılması başlandı, katolik kilsəsinin mövqeləri də gücləndirildi. Yaqaylonun dini siyasəti Litva Böyük Knyazlığındakı daxili ziddiyyətləri artırdı. Vitovt yaranmış vəziyyətdən istifadə edərək hakimiyyət uğrunda mübarizəni yenidən başladı.
1392-ci il avqustun 4-də imzalanan Ostrovets (Ostrów) sazişi ilə Litva Böyük Knyazlığının idarəçiliyi Vitovta verildi. Bununla belə, o, Yaqaylonun ali hakimiyyətini tanıdı.
Sonrakı dövrdə Yaqaylo diqqətini əsasən Polşa krallığının idarəsinə yönəltsə də, Litvanın siyasi həyatına təsirini saxladı. O, 1434-cü ildə vəfat etdi. Polşa taxtında təxminən 48 il qalan Yaqaylo orta əsrlərin Avropada ən uzun müddət hakimiyyətdə olmuş monarxlarından biri sayılır. Polşa və Litva arasında siyasi-dini əlaqələrin möhkəmlənməsinə verdiyi töhfə və Yagellonlar sülaləsini yaratması onun əsas tarixi xidmətləri arasındadır.
Yagellonlar 1572-ci ilədək Polşanı idarə etdilər. Sülalə daha sonralar Mərkəzi və Şərqi Avropanın siyasi tarixində də əhəmiyyətli yer tutdu.