QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığmadakı çıxışını başa vurmaq qərarını açıqlayıb.

Futbolçu bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib. O, milli komandadakı karyerasını bitirdiyini qürur və kövrəklik hissləri ilə bildirdiyini yazıb.

Mahmudov milli formanı ilk dəfə geyindiyi günü heç vaxt unutmayacağını qeyd edib. Ölkəni təmsil etməyi və komandanın kapitanı olmağı həyatının ən gözəl illərindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, bu dövr ona unudulmaz xatirələr, dəyərli dostluqlar və ifadə etməkdə çətinlik çəkdiyi duyğular qazandırıb.

Futbolçu bu yolda yanında olan komanda yoldaşlarına, məşqçilərinə və ona inanan hər kəsə minnətdarlığını çatdırıb. Mahmudov ən böyük təşəkkürünü dəstəyini daim hiss etdiyi azarkeşlərə ünvanlayıb, sevinc və çətinliklərin birlikdə yaşandığını vurğulayıb.

O, milli forma ilə keçirdiyi illəri qürur və minnətdarlıqla xatırladığını bildirib və hər kəsə təşəkkür edib.