QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Almaniyanın “Atmos Space Cargo” şirkəti hədəf məsafəsi məhdudlaşdırılmayan kosmos-yer silah sistemi hazırlayır.

“Times”ın məlumatına görə, layihə çərçivəsində adi yüksək dəqiqlikli mərminin peykdən xüsusi qoruyucu qurğunun içində buraxılması planlaşdırılır. Qurğu mərminin atmosferə daxil olarkən yanmasının qarşısını almalıdır.

Şirkətin baş direktoru Sebastyan Klaus bildirib ki, istehsalı genişləndirmək, eləcə də hüquqi və siyasi məsələləri həll etmək üçün müdafiə sənayesinin iri şirkətlərindən MBDA-nı tərəfdaşlığa cəlb etmək niyyətindədirlər.

Layihə ilkin işlənmə mərhələsindədir. Sistemin texniki cəhətdən reallaşdırılması və iqtisadi baxımdan səmərəli olub-olmayacağı hələ bəlli deyil. Hərbi mənbənin fikrincə, bu tip mərmilərin uçuş trayektoriyasını aşkar etmək nisbətən asan olacaq.