QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi noyabrın 13-16-da UEFA Millətlər Liqasının D Liqası çərçivəsində Lixtenşteynlə qarşılaşacaq, daha sonra isə səfərdə Andorra ilə yoxlama oyunu keçirəcək.

Yığmanın baş məşqçisinin qarşıdakı matçlar üçün heyətdə gözlənilməz dəyişikliklər edə biləcəyi bildirilir. Namizədlər arasında İtaliyanın “Sampdoriya” klubunda çıxış edən Lorenzo Mezzotero da var.

U-21 yığmasının 18 yaşlı hücumçusu İtaliya B Seriyasının X turunda “Virtus Entella” ilə oyunda fərqlənib. Komandasının 2:0 hesablı qələbə qazandığı qarşılaşmada Mezzotero əsas heyətdəki ilk qolunu vuraraq diqqət çəkib.

Gənc futbolçu matça 17-ci dəqiqədə daxil olub, 42-ci dəqiqədə qol vurub. Bununla o, komandasının qələbəsinə mühüm töhfə verib. Uşaqlığını Azərbaycanda keçirən Mezzotero vaxtilə “Qarabağ” və “Neftçi” akademiyalarında məşq edib. İtaliyadakı yüksəlişi onun əsas milli komandaya dəvət alması ehtimalını artırır.