QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ermənistan parlamenti TRİPP şirkətinin yaradılması ilə bağlı “Səhmdar cəmiyyətləri haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihəni birinci oxunuşda qəbul edib.
Bu barədə Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Dadunts məlumat verib. Onun sözlərinə görə, təklif olunan dəyişikliklər beynəlxalq sazişlər əsasında yaradılan şirkətlər üçün yeni hüquqi institutun formalaşdırılmasını nəzərdə tutur.
Dadunts bildirib ki, düzəlişlər Ermənistanın ən azı 25 faiz paya malik olduğu belə səhmdar cəmiyyətləri üçün korporativ idarəetmə qaydalarının müəyyənləşdirilməsinə imkan verəcək. Dövlətin iştirak payı həmin həddən aşağı düşərsə, xüsusi idarəetmə rejimi qüvvədən düşəcək.
Nazir müavini dəyişikliklərə ehtiyacın “Tramp marşrutu” layihəsinin icrası ilə əlaqədar yarandığını qeyd edib. O vurğulayıb ki, qaydalar təkcə TRİPP şirkətinə deyil, gələcəkdə beynəlxalq sazişlər əsasında yaradılacaq digər şirkətlərə də tətbiq olunacaq.