QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi mədəni və yaradıcı sənaye sahəsində çalışan, QHT olmayan hüquqi şəxslər üçün layihələrə qrant ayrılması məqsədilə müsabiqə başladıb.
Müsabiqə mədəniyyət xidmətlərinin səviyyəsini yaxşılaşdırmaq, yenilikçi işləri və elmi araşdırmaları təşviq etmək, həmçinin maarifləndirmə və infrastrukturun inkişafına dəstək vermək məqsədi daşıyır.
Maliyyələşmə üç ölçüdə nəzərdə tutulub: kiçik qrantlar 15 000 manatadək, orta qrantlar 15 000 manatdan 50 000 manatadək, iri qrantlar isə 50 000 manatdan yuxarı olacaq.
Layihələr altı istiqamətdən birini əhatə etməlidir. Bunlara animasiya, oyun texnologiyaları, memarlıq, musiqi, teatr, dəb və dekorativ-tətbiqi sənət sahələrində milli məzmunlu yaradıcı məhsulların hazırlanması, davranış mədəniyyəti ilə bağlı maarifləndirmə, mədəni və yaradıcı sənayedə rəqəmsallaşma və innovasiya, elmi-metodiki işlər və tədqiqatlar daxildir. Dublyajın dəstəklənməsi, eləcə də regionlarda bu sahənin inkişafına yönələn layihələr də təqdim oluna bilər.
Müraciətlər 2026-cı il noyabrın 6-dan 26-dək elektron formada qəbul edilir. Son müraciət günü sənədlər saat 18:00-dək göndərilməlidir. İştirakçılar mygrant.culture.az portalından myculture şəxsi kabinetinə keçərək “e-Müraciətlər” bölməsində müsabiqəni seçməlidirlər.
Layihələr 100 ballıq sistemlə qiymətləndiriləcək. 50 baldan az toplayan müraciətlər maliyyələşdirilməyəcək.