QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, gənclərin ailədən ayrılaraq müstəqil yaşamaq qərarında əsas amil onların maliyyə imkanlarıdır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bu fikri açıqlayıb.
Onun sözlərinə görə, gənc orta aylıq əməkhaqqından az gəlir əldə edirsə, ayrıca yaşamağa tələsməməsi və valideynləri ilə qalması daha münasibdir. Hazırda evlərin kirayə haqqı yüksək olduğundan bu xərc maaşın hamısını tuta bilər. Kirayəni azaltmaq üçün mənzili başqaları ilə bölüşmək isə şəxsi sərbəstlik arzusuna uyğun çıxış yolu sayılmır.
Oruc bildirib ki, müstəqil həyata keçmək üçün gündəlik ehtiyacları qarşılamağa yetən sabit gəlir olmalıdır. Kirayənin 400–600 manat, real orta əməkhaqqının isə 800–1000 manat olduğu şəraitdə gəlirin böyük qismini mənzilə ödəmək gənci maliyyə çətinliyinə sala bilər. Bu halda geyim, əyləncə, restoran və asudə vaxtla bağlı xərclər arxa plana keçir.
Ekspert gələcəkdə mənzil sahibi olmaq istəyənlərə valideynləri ilə yaşayıb pul yığmağı tövsiyə edib. Onun qənaətinə görə, kirayəyə xərclənməyən vəsait mütləq yığıma yönəldilməlidir. Əks halda, ailə evində qalmaqla əldə olunan qənaət əyləncəyə və zəruri olmayan alışlara sərf edilərsə, bu addımın faydası olmayacaq. Toplanan pul gələcək ev üçün, o cümlədən ipotekanın ilkin ödənişinə sərmayə kimi nəzərdə tutulmalıdır.
Oruc qeyd edib ki, öz xərclərini qarşılayan gənclər büdcə planlamasını və qənaəti öyrənirlər, lakin maliyyə savadlılığını valideynlərin yanında yaşayarkən də qazanmaq mümkündür. Həyatın çətinlikləri ilə qəfil üzləşmək psixoloji baxımdan mənfi təsir göstərə və gənci arzuolunmaz seçimlərə sövq edə bilər. Onun sözlərinə görə, risk edib dərhal müstəqil həyata başlamaq nəzəri baxımdan cəlbedici görünsə də, belə cəhdlərin uğurlu nəticələnənləri azdır.
Ekspertin fikrincə, müstəqil yaşamağın mümkünlüyünü ilk növbədə aylıq gəlirin məbləği müəyyənləşdirir. Aşağı gəlir ayrıca yaşayış üçün yetərli deyil və maliyyə iflasına səbəb ola bilər. Orta gəlir gündəlik xərcləri ödəsə də, yığım yaratmağa imkan vermir və işin itirilməsi riskini artırır. Daha əlverişli seçim valideynlərlə qalaraq ailə büdcəsinin idarə olunmasını öyrənmək və şəxsi yığım formalaşdırmaqdır.
Vüqar Oruc bildirib ki, mənzillərin 250–300 min manat, kirayələrin isə 700–800 manat olduğu şəraitdə 900–1500 manat maaş alan gəncin ev alması çətin görünür. Təxminən 50 min manatlıq, yəni mənzil dəyərinin 20 faizi həcmində ilkin ödənişi toplamaq üçün ən azı 10 il lazım ola bilər.
Bununla belə, ekspert müddət və mənzil qiymətindən asılı olmayaraq qənaət edib yığım yaratmağı düzgün addım hesab edir. Kirayəyə verilməyən məbləğin müntəzəm toplanmasını tövsiyə edən Oruc bildirib ki, maliyyə ehtiyatı yalnız ev və ya avtomobil almaq məqsədi ilə məhdudlaşmamalıdır. Daha əlçatan ipoteka imkanları və ya yeni fürsətlər yarandıqda gəncin istifadəyə hazır maliyyə bazası olmalıdır.