QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 2027-ci ildə Bakıda təşkil olunacaq “SportAccord Convention 2027” sammiti üçün qeydiyyat açılıb. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Tədbir mayın 9-dan 13-dək keçiriləcək. Sammitdə 120-dən çox beynəlxalq idman federasiyasının, Beynəlxalq Olimpiya Komitəsinin, qlobal idman yarışlarına ev sahibliyi edən şəhərlərin rəhbər qurumlarının və idman sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin təmsilçilərinin iştirakı gözlənilir. Ümumilikdə 65-dən artıq ölkədən 600-dən çox təşkilatı təmsil edən 1 700-dən çox rəsmi nümayəndənin qatılması planlaşdırılır.
“SportAccord” beynəlxalq idman təşkilatlarının rəhbərlərini, sənaye mütəxəssislərini və biznes liderlərini bir araya gətirən platformadır. Beş gün ərzində federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, ixtisaslaşmış sərgilər və B2B görüşlər keçiriləcək. İştirakçılar strateji əməkdaşlıqlar qurmaq, təcrübə bölüşmək və idman sənayesinin inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı əldə edəcəklər.
Proqramın əsas işgüzar tədbirləri Bakı Konqres Mərkəzində təşkil olunacaq. Açılış mərasiminin ünvanı isə Heydər Əliyev Mərkəzi olacaq.
Sammitin keçirilməsi Azərbaycanın beynəlxalq idman mühitindəki mövqeyini gücləndirməklə yanaşı, ölkənin mötəbər tədbirlərə ev sahibliyi etmək imkanlarını da nümayiş etdirəcək.