QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski qış yaxınlaşarkən Azərbaycanın ölkəsinin kritik infrastrukturu və logistika sahəsinə əlavə dəstək göstərəcəyinə ümid edir.
Zelenski bu barədə Dublində Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edib.
Ukrayna liderinin sözlərinə görə, tərəflər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini, eləcə də Azərbaycan şirkətlərinin Ukraynadakı işini müzakirə ediblər. O, Rusiyanın zərbələri fonunda fəaliyyətini davam etdirən şirkətlərə təşəkkürünü bildirib.
Zelenski qeyd edib ki, görüşdə Ukraynadakı durum və Rusiyanın davamlı hücumlarının enerji və nəqliyyat sistemlərində yaratdığı çətinliklər ətraflı nəzərdən keçirilib. O yazıb ki, qış ərəfəsində Azərbaycanın Ukraynanın kritik infrastrukturuna və logistikasına yenidən yardım edə bilməsi təqdirlə qarşılanacaq. Bu məsələ ilə bağlı iş aparmaq komandalarına tapşırılıb.