QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Haitidə silahlı kriminal qruplar ölkənin geniş ərazilərinə nəzarəti ələ alaraq dövlət qurumlarının fəaliyyətini iflic edib.
Həbsxanalara, polis məntəqələrinə və hava limanına edilən silahlı hücumlar minlərlə məhbusun azadlığa çıxması ilə nəticələnib. Bu hadisələr ölkədə dövlət hakimiyyətini ciddi şəkildə zəiflədib.
Qruplaşmalar mülki şəxslərə ölümcül hücumlar edir, insanları girov götürür və yaşayış məhəllələrinin sakinlərindən zorla pul yığırlar. Həmçinin qadın və uşaqlara qarşı genişmiqyaslı cinsi zorakılıq halları qeydə alınır.
BMT-nin son hesabatında bildirilir ki, Haitidə son üç ayda baş verən zorakılıqlar azı 1 167 nəfərin ölümünə səbəb olub, 344 nəfər isə cinsi zorakılığın qurbanına çevrilib.
Ölkədəki xaos və cinayətkarlığa qarşı mübarizəyə dəstək üçün El Salvador hökuməti Haitiyə təxminən 2 500 hərbçidən ibarət kontingent göndərib. Salvador əsgərləri yerli təhlükəsizlik qüvvələri ilə birgə silahlı dəstələrə qarşı əməliyyatlarda iştirak edirlər.