QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birində fəaliyyət dayandırılıb.

Nazirliyin açıqlamasına görə, uzun müddət istifadə olunan binanın texniki vəziyyəti araşdırılarkən onun bəzi hissələrinin qəzalı olduğu müəyyən edilib. Tibb işçiləri və pasiyentlər üçün təhlükəsizlik riskləri nəzərə alınaraq həmin korpusun fəaliyyətinin dayandırılması barədə qərar verilib.

Tibbi xidmətlərin fasiləsiz davam etməsi üçün pasiyentlərə lazım olan yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyindəki ixtisaslaşmış tibb müəssisələrində göstərilməsi planlaşdırılır.

Məlumatda bildirilir ki, xəstələr tibbi göstərişləri və müalicə ehtiyacları əsas götürülərək uyğun profilli müəssisələrə yönləndiriləcək. Tədbirlərin məqsədi həm pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyini təmin etmək, həm də əhaliyə göstərilən tibbi xidmətləri davamlı saxlamaqdır.