QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb. Rusiya tərəfini görüşdə prezident köməkçisi Vladimir Medinski, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və beynəlxalq əlaqələr üzrə köməkçi Yuri Uşakov təmsil ediblər.
Uitkoff gözlənilən Rusiya-Ukrayna hərbi əsir mübadiləsini sülh prosesində irəliləyiş əlaməti kimi dəyərləndirib. O, münaqişə başlayandan danışıqlara verdiyi töhfəyə görə Medinskiyə minnətdarlığını çatdırıb.
ABŞ nümayəndəsi Əbu-Dabidə Rusiya və Ukrayna heyətləri arasında aparılan müzakirələri “səmərəli iş” adlandırıb. Onun bildirdiyinə görə, Avropa təmsilçiləri danışıqlarda iştirak etməsələr də, proses barədə məlumat alıblar. Uitkoff Putinlə bugünkü təmasların məzmununu Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdıracağını da deyib.
Trampın kürəkəni və müşaviri Kuşner görüşdə Vaşinqtonun avropalıların Ukrayna münaqişəsinin başa çatmasını arzuladığını gördüyünü bildirib. Onun sözlərinə görə, ABŞ Avropa nümayəndələri ilə qitənin təhlükəsizlik arxitekturasını müzakirə etməyə başlayıb.
Putin Ukrayna üzrə humanitar sahədə real nəticələr əldə olunduğunu söyləyib. O, təmasların təşkilinə görə Donald Trampa, Alyoşki ətrafındakı humanitar məsələnin həllində iştirakına görə isə ABŞ-nin birinci xanımı Melaniya Trampa təşəkkürünün çatdırılmasını istəyib.
Rusiya lideri ölkəsi ilə Ukrayna arasında yalnız dövlət sərhədini demarkasiya xətti hesab etdiyini bildirib. Onun sözlərinə görə, Moskva Kiyevin “boz zonalar” mövzusunu müzakirəyə çıxarmaq cəhdlərindən xəbərdardır. Putin belə ərazilərin saxlanmasının mümkün razılaşmaları qeyri-sabit edəcəyini və uzunmüddətli sülhə imkan verməyəcəyini deyib.
Putin Xerson vilayətinin Alyoşki bölgəsindəki təcrübəyə əsaslanaraq Donetsk vilayətinin Konstantinovka şəhərindən humanitar missiya təşkil etməyi təklif edib. O, Rusiyanın Konstantinovkaya nəzarət etdiyini və missiyanın təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib. Şəhər ətrafındakı ərazinin minalardan təmizlənməsi üçün Rusiyaya beş gün lazım olacağını qeyd edib.
“Əgər Kiyev Konstantinovkaya nəzarət etdiyini düşünürsə, o zaman qoy öz tərəfindən təhlükəsizliyi təmin etsin”, – Putin əlavə edib. O, missiyanın təşkili məsələsini Rusiya və Ukrayna ombudsmanlarına həvalə etməyi təklif edib.
Moskva Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsini qəbuledilməz saydığını bir daha bəyan edib. Putin xəbərdarlıq edib: “Ukraynadakı xarici qoşunlar Rusiya hərbçiləri üçün qanuni hədəflərdir”.
Putinin sözlərinə görə, Rusiya Avropa ilə dialoqu dayandırmayıb, bunu avropalılar ediblər. O, ABŞ-nin avropalılarla birgə işləməsini və onların sülh, yoxsa müharibə istədiklərini müəyyənləşdirməsini arzuladıqlarını bildirib. Rusiya lideri Avropa qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə “müharibə bərpa olunacaq” deyib. Görüşün sonunda isə Ukraynada sülhün “əbədi olmasını” istədiyini vurğulayıb.
Görüş Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların son mərhələsi başa çatdıqdan bir gün sonra keçirilib. Kuşner Moskva səfərindən sonra ABŞ nümayəndələrinin Kiyevə getməyi planlaşdırdığını bildirib. Uitkoff son iki ildə Rusiyaya onuncu dəfə səfər edib.