QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Lökbatan-Xocəsən yolunda yaranan su yığınının səbəbi açıqlanıb.

İri Şəhərlərin Su Təchizatından bildirilib ki, intensiv yağışlar yaxınlıqdakı təbii göldə suyun səviyyəsini yüksəldib və yol ətrafında gölməçə yaranıb. Məsələ barədə Bakı Sukanal İdarəsinə məlumat verilib.

Qurumun açıqlamasında qeyd olunub ki, göldə suyun səviyyəsinin tənzimlənməsi üçün işlərə başlanacaq. Ərazidə İri Şəhərlərin Su Təchizatına məxsus mərkəzləşdirilmiş tullantı su şəbəkəsi yoxdur.

Bildirilib ki, 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramında Bakı və Abşeron yarımadasında tullantı suların idarə edilməsi, kanalizasiya və yağış infrastrukturu üzrə layihələr nəzərdə tutulur. Layihələrin mərhələli icrası mövcud şəbəkənin genişləndirilməsini, yeni kanalizasiya xətləri və kollektorların çəkilməsini, yağış sularının idarə olunmasının yaxşılaşdırılmasını və şəhərdə su yığılması riskinin azaldılmasını hədəfləyir. Bu istiqamətdə bəzi ərazilərdə tikinti işlərinə başlanılıb.

Qaradağ rayonundakı Lökbatan-Xocəsən yolunda yağışdan sonra su toplanması nəqliyyatın hərəkətini çətinləşdirib. Vətəndaşların bildirdiyinə görə, gölməçənin səviyyəsi bəzi avtomobillərin dövlət qeydiyyat nişanlarından yuxarı qalxıb, bəzi maşınlar isə ərazidən keçərkən sönərək yolda qalıb.