QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Qazax sakini Süleyman Bayramov 5 min manata aldığı avtomobildən səkkiz aydan artıqdır istifadə edə bilmədiyini və dələduzluqla üzləşdiyini iddia edir.
Bayramov avtomobili Gəncə avtomobil bazarında Muraz İsayevdən etibarnamə ilə aldığını deyir. Onun sözlərinə görə, sənəd verildikdən cəmi 15 gün sonra etibarnamə ləğv olunub. Avtomobilin texniki pasportunda sahib kimi Əsəd Fərəcəliyevin adı göstərilib. Bayramovun iddiasına əsasən, İsayevin Fərəcəliyevə borcu olub və aralarındakı mübahisə etibarnamənin qüvvədən düşməsinə səbəb olub.
“Pulumu verməsə, etibarnamə verməyəcəyəm”, - deyib. Süleyman Bayramov bildirib ki, səkkiz aydır tərəflərin borc məsələsini yoluna qoymasını gözləyir, amma problem hələ də həllini tapmayıb.
Şikayətçinin sözlərinə görə, bir müddət sonra polis şöbəsindən ona zəng edilib. Zəng zamanı avtomobilin oğurlanması barədə müraciət olduğu və maşının mühafizə olunan duracağa aparılmasının tələb edildiyi bildirilib.
Bayramov avtomobili ödəniş edib aldığını təsdiqləyən video və səs yazılarını polisə təqdim etdiyini söyləyir. O, Muraz İsayevin hərbi qulluqçu olduğunu əsas gətirərək Sumqayıt Hərbi Prokurorluğuna da müraciət edib.
Cavab olaraq ona mübahisənin mülki-hüquqi xarakter daşıdığı, məsələnin həlli üçün məhkəməyə üz tutmalı olduğu bildirilib.