QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində keçirilən COP31-də geniş pavilyonla təmsil olunur.

Fondun nümayəndəsi Qönçə Darabzadənin məlumatına görə, pavilyon Heydər Əliyev Fondu və Türkiyənin Sıfır Tullantı Fondunun ortaq təşəbbüsü ilə yaradılıb. Birgə pavilyon təşkil etmək fikri 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı ortaya çıxıb. Həmin tədbir çərçivəsindəki pavilyon ən çox ziyarət edilənlər sırasında yer alıb.

Pavilyonda Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil, səhiyyə, yenidənqurma və bərpa, ətraf mühitin mühafizəsi, eləcə də başqa sahələrdə gördüyü işlər foto və video materiallarla təqdim edilir.

Qönçə Darabzadə ziyarətçilərin pavilyona böyük maraq göstərdiyini bildirib. Burada iki fondun fəaliyyəti ilə bağlı müxtəlif materiallarla yanaşı, interaktiv layihələr də nümayiş olunur və gələnlərə qurumların işi ilə daha yaxından tanış olmaq imkanı verir.