QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Astara rayonunun Kakalos kənd sakini, 84 yaşlı Mirzəcan Hüseynov Gəncədə itkin düşüb.
O, noyabrın 8-də ailəsi ilə birgə Gəncədəki hərbi hissələrdən birində xidmət edən nəvəsinin andiçmə mərasiminə qatılmaq üçün şəhərə gəlib. Tədbir başa çatandan sonra ailə üzvləri Hüseynovu tapa bilməyiblər.
Yaxınları həmin vaxtdan Gəncədə qalaraq onun axtarışlarını davam etdirirlər. Hadisə barədə polisə məlumat verilib, hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşən şəxsin tapılması üçün tədbirlər görürlər.
Mirzəcan Hüseynovun oğlu Eldəniz Hüseynov bildirib ki, mərasim günü ailə birlikdə şəkil çəkdirib və yemək yeyib. Daha sonra o, atasına çay vermək istəyib, lakin arxaya çevriləndə atasının yanında olmadığını görüb. Hərbi hissənin ərazisini axtarsa da, atasını tapa bilməyib.
Eldəniz Hüseynovun sözlərinə görə, axtarışlar üç gündür davam edir. Qohumlar da zəng edərək xəbər alır və narahatlıqlarını bildirirlər. Polis ərazidə axtarış aparır, müşahidə kameralarının görüntülərini də araşdırır.