QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, brokkolini uzun müddət qaynatmaq onun tərkibindəki bəzi faydalı maddələrin azalmasına gətirib çıxara bilər. Bişirmə zamanı yüksək temperaturun təsiri tərəvəzin qida dəyərinə də mənfi təsir göstərir.
Dietoloq Sol Fiqueroa bildirir ki, brokkoli suda qaynadıldıqda C vitamini və qlükorafanin kimi suda həll olan maddələrin bir qismi bişirmə suyuna keçir. Tərəvəzin uzun müddət yüksək temperaturda saxlanması antioksidant və iltihabəleyhinə xüsusiyyətləri də zəiflədə bilər.
Mütəxəssislərin tövsiyəsinə əsasən, brokkolinin tərkibini qorumaq üçün onu az müddət buxarda bişirmək məqsədəuyğundur. Tərəvəzi bişirməyə 30-40 dəqiqə qalmış doğramaq sulforafanın yaranmasına şərait yarada bilər.
Bişmiş brokkoliyə az miqdarda xardal tozu qatılması da məsləhət görülür. Xardaldakı fermentlər sulforafanın əmələ gəlməsinə kömək edir.
Qısa müddət mikrodalğalı sobada bişirmək də brokkolinin qida maddələrinin saxlanmasına yardım edə bilər. Əsas şərt tərəvəzi həddindən artıq bişirməməkdir.
Hazırlanma üsulundan asılı olmayaraq, brokkolinin gündəlik qidalanmaya daxil edilməsi faydalı hesab olunur.