QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində oktyabrın 27-də itkin düşən 25 yaşlı Rabia Nur Yiğit doqquz gün sonra Denizlidə tapılıb. Onun zorla saxlanıldığı, adına kredit götürülməsinə çalışıldığı və döyüldüyü iddia edilir.

Antalyada yaşayan Yiğit oktyabrın 27-də evdən çıxdıqdan sonra geri qayıtmayıb. Ailəsi qızlarının yerini öyrənmək üçün televiziya proqramına müraciət edib.

Yaxınları Rabia Nurun evlərinin yaxınlığından iki kişi tərəfindən aparıldığını bildiriblər. Ailənin sözlərinə görə, onun itkin düşməsindən bir gün sonra adına kredit kartı və kredit üçün müraciət edildiyi barədə bildirişlər alıblar.

Təhlükəsizlik kameralarının qeydlərində də qadının yoxa çıxdığı gün iki kişi ilə küçədə olduğu görünür.

Televiziya proqramında səslənən iddiaların ardından Denizli Baş Prokurorluğu araşdırmaya başlayıb. Polisin keçirdiyi əməliyyat zamanı doqquz gündür axtarılan Yiğit şəhərdəki ünvanlardan birində aşkarlanıb.

Qadını məcburi şəkildə saxlayaraq ondan maddi qazanc götürməyə çalışdıqları iddia edilən Ş.B. və A.T. tutulub. Hər iki şübhəli məhkəmə qərarı ilə həbs olunub.

Rabia Nur Yiğit tapıldıqdan sonra ailəsinə verilib. Onun döyüldüyü bildirilir. Sağlamlıq vəziyyətinin yoxlanılması üçün xəstəxanaya yerləşdirilən qadının müalicəsi davam edir.