QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranmış problemlərdən sonra klubun düşərgəsinə dönüb.
İnsayder Fabritsio Romanonun yaydığı məlumata əsasən, 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər Münhendə yerləşən “Zəbener Ştrasse” bazasına gəlib. O, klubun ofisində kompüter arxasında əyləşib.
Kompani zədədən sonra bərpa prosesi keçən futbolçuların, o cümlədən Luis Diasın meydandakı məşqini izləmək niyyətində olub. Baş məşqçi köməkçisi Floribert Nqalula və klubun idman direktoru Kristof Freyndlə də görüşüb.
Qeyd edək ki, Kompani oktyabrın 23-də klubun məşq bazasında huşunu itirib və xəstəxanaya aparılıb. Müayinələrin nəticəsində ona beyin qişalarının qıcıqlanması diaqnozu qoyulub. Mütəxəssis oktyabrın 28-də xəstəxanadan evə buraxılıb.
Belçikalı məşqçinin komandanın oyunlarında nə vaxt iştirak edəcəyi hələ bəlli deyil. Onun noyabrın 20-də “Köln”lə qarşılaşmada yenidən ehtiyat oyunçular skamyasında olması gözlənilir.