QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Qəzzada yağan qış yağışları minlərlə köçkün çadırını su altında qoyub. Sığınacaqların, şəxsi əşyaların və yataq yerlərinin yararsız hala düşməsi uşaqları və mülki şəxsləri soyuq, yağışlı havada açıqda qalmağa məcbur edib.

Mənbədə qeyd olunur ki, bu mənzərə azərbaycanlılara I Qarabağ müharibəsi illərini xatırladır. Həmin dövrdə 1 milyon məcburi köçkün çadırlarda və vaqonlarda, ağır sosial şəraitdə yaşayıb. BMT, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar isə erməni təcavüzü nəticəsində yurdlarından didərgin düşən azərbaycanlıların üzləşdiyi çətinliklərə göz yumub.

Politoloq, professor Qabil Hüseynli beynəlxalq təşkilatların və dünya güclərinin humanitar böhranlara fərqli yanaşmasını ədalətsizliyin göstəricisi sayır. O bildirib ki, geosiyasi maraqlar və ikili standartlar səbəbindən insan hüquqları, eləcə də real faciələr diqqətdən kənarda qalır.

Hüseynlinin sözlərinə görə, vaxtilə erməni təcavüzü nəticəsində yaranmış vəziyyətdə 1 milyon qaçqın və məcburi köçkün ağır əziyyətlərlə üz-üzə qalmışdı. O, Qəzzada da oxşar vəziyyətin təkrarlandığını və dünya ictimaiyyətinin susmasının humanitar böhranın dərinləşməsinə şərait yaratdığını deyib.