QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Saatlıda müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib.

2000-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi açılıb.

İş materiallarına əsasən, Vəlizadə 2025-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasında, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədən keçib. O, müddətli həqiqi hərbi xidmətə yararlı sayılıb.

Xidmətə yola salınması üçün ona çağırış vərəqəsi verilib. Lakin üzrlü səbəb göstərmədən vərəqədə qeyd olunan yerə gəlməyib. Dövlət Xidmətinin əməkdaşları ailə üzvləri vasitəsilə xəbərdarlıq etsələr də, Vəlizadə növbəti çağırışa da qatılmayıb.

Məhkəmədə o, səhhətindəki problemlərə görə xidmətə getmədiyini söyləyib. Vəlizadənin sözlərinə görə, 2022-ci ildə hər iki ayağında anadangəlmə üçüncü dərəcəli yastıpəncəlik olduğu üçün ona üç il möhlət tanınıb. Atasının ölümündən sonra isə sinir sistemi ilə bağlı problemlər yaşadığını və səbəbsiz əsəbiləşdiyini bildirib.

Vəlizadə psixoloji durumuna görə hərbi xidmətə getmək istəmədiyini, xidmətə aparılacağı halda yenidən intihara cəhd edəcəyini də deyib.

Məhkəmədə Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyi də nəzərdən keçirilib. Ekspertlər onun əməl zamanı hərəkətlərinin mahiyyətini və ictimai təhlükəliliyini dərk edib, onları idarə edə bildiyini müəyyənləşdiriblər. Buna görə də həmin əmələ münasibətdə anlaqlı sayılıb. Müayinə zamanı psixi xəstəlik əlamətləri aşkarlanmayıb, məcburi müalicəyə ehtiyacı olmadığı qeyd edilib.

Saatlı Rayon Məhkəməsi Gəray Vəlizadəni altı ay müddətinə azadlıqdan məhrum edib.