QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Madrid “Real”ının və Braziliya millisinin hücumçusu Vinisius Junior dünya çempionatından sonra mövsümöncəsi hazırlıq dövründə yetərincə məşq etmədiyini deyib.
26 yaşlı futbolçu bildirib ki, 2026-cı il mundialından sonra istirahətə çox vaxt ayırıb. Braziliya yığmasının turnirdə gözləniləndən daha tez mübarizəni dayandırması onun tətil planlarına da təsir göstərib.
Vinisius qeyd edib ki, yarışdan erkən ayrılacaqlarını gözləmədikləri üçün tətil zamanı dincəlmək, futboldan uzaqlaşmaq və ailəsi ilə daha çox vaxt keçirmək qərarına gəlib. Bunun nəticəsində əvvəlki illərlə müqayisədə az məşq etdiyini vurğulayıb.
Futbolçu uzun müddət yüksək səviyyədə oynamağın çətin olduğunu deyərək Kriştiano Ronaldo və Lionel Messini illərlə sabit çıxış edən nümunələr kimi göstərib.
“Bu qədər uzun müddət yüksək səviyyəni qorumaq çox çətindir. Məncə, illər boyu sabitliyi və yüksək performansı yalnız Ronaldo və Messi saxlaya biliblər. Mən də insanam, tez-tez səhvlər edirəm, amma daim inkişaf etməyə çalışıram. Oyunu və gündəlik məşqləri daha yaxşı anlamaq istəyirəm. Bununla belə, cəmi 26 yaşım var və həyatdan zövq almaq da istəyirəm”, – Vinisius bildirib.