QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Günəşdə yaranan koronal dəlik pişiyə bənzər forması ilə diqqət çəkib. Nəhəng qaranlıq sahənin görüntülərini Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayımlayıb.
Mütəxəssislərin bildirdiyinə görə, əvvəlcə balerina və ya gimnast fiqurunu xatırladan dəlik Günəş fərqli bucaqdan göstərildikdə pişik siluetinə oxşayıb. İnternet istifadəçiləri görüntüdə uzunboyunlu dinozavr formasının da seçildiyini bildiriblər.
Alimlər koronal dəliklərin Günəş atmosferində plazmanın temperaturu və sıxlığının aşağı düşdüyü, maqnit sahəsinin isə kosmosa açıldığı bölgələr olduğunu açıqlayıblar. Belə sahələrdən Günəş küləyi yüksək sürətlə kosmosa yayılır.
Hazırda həmin dəlikdən çıxan küləyin sürəti saniyədə 700-800 kilometr təşkil edir. Bu axın Yer kürəsində geomaqnit təlatümləri və qütb parıltıları yarada bilər.
Alimlər Günəşdəki aktivliyi və onun Yerə göstərə biləcəyi təsirləri izləməyə davam edirlər.