QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Apple” əməkdaşların süni intellekt alətlərindən istifadəsi üçün nəzərdə tutulan gündəlik xərcləri məhdudlaşdırır.
Məlumata görə, oktyabrda mühəndis qrupları üçün gündəlik xərc həddi 300 dollardan 200 dollara salınıb. Bu limitin 100 dollara endirilməsi də hazırda müzakirə olunur.
Mühəndislik bölmələrində işləməyən əməkdaşlar üçün daha aşağı məbləğin müəyyənləşdirilməsi planlaşdırılır. Onların süni intellektdən istifadə büdcəsinin gündə 25 dollarla məhdudlaşdırılması gündəmdədir.
Son illər “Apple” iş proseslərində, o cümlədən öz çiplərinin hazırlanmasında süni intellektdən geniş yararlanıb. Xərclərə limitlərin qoyulması alətlərdən istifadəyə qadağa deyil; məqsəd tətbiq xərclərini azaltmaqdır. Şirkət bununla texnologiyaların verdiyi fayda ilə artan məsrəflər arasında tarazlıq qurmağa çalışır.
Bu addım texnologiya sektorunda süni intellekt tətbiqinin iqtisadi səmərəliliyi ilə bağlı daha geniş müzakirələrin bir hissəsi kimi qiymətləndirilir. Şirkətlər əvvəlcə əməkdaşları neyron şəbəkələrdən daha çox istifadə etməyə təşviq etsələr də, yüksək xərclər fonunda büdcələrə məhdudiyyətlər tətbiq etməyə başlayıblar.
“Apple” məsələ ilə bağlı rəsmi açıqlama verməyib.