QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Avropa Komissiyası TikTok-u uşaqlar və həssas istifadəçilər üçün təhlükəli hesab edilən “dovşan yuvası effekti” yaratmaqda ittiham edib.

Komissiyanın açıqlamasına görə, platformanın “For You” lenti istifadəçinin maraq göstərdiyi mövzularla bağlı videoları ardıcıl şəkildə artırır. Nəticədə kədər, tənhalıq və ya bədən imici barədə məzmun izləyən şəxslərə zaman keçdikcə daha ağır, zərərli videolar təklif oluna bilər.

Мətndə qeyd olunur ki, hətta istifadəçi belə videolara maraq göstərmədiyini bildirdikdən sonra da alqoritm oxşar məzmunları təqdim etməyə davam edir.

Avropa Komissiyası TikTok-un mövcud təhlükələri azaltmaq üçün müəyyən tədbirlər gördüyünü, lakin onların yetərli olmadığını bildirib. Platforma alqoritminin quruluşunu dəyişməzsə, Rəqəmsal Xidmətlər Qanununa (DSA) əsasən yüksək məbləğdə cərimə ilə üzləşə bilər.

TikTok-un nümayəndəsi ittihamları qəbul etməyib. O, Komissiyanın gəldiyi nəticələri “kökündən qüsurlu” və qeyri-dəqiq adlandıraraq qurumun platformanın arxitekturası və istifadəçi təhlükəsizliyinə bağlılığı barədə yanlış təsəvvür yaratdığını deyib.

Bu ilin əvvəlində TikTok uşaqları xidmətdən məcburi istifadəyə təşviq edən “asılılıq yaradan dizayn” tətbiq etməkdə və uşaqların onlayn məxfiliyini qorumaqda uğursuz olmaqda da ittiham edilmişdi. İyulda isə Aİ Meta-dan Facebook və Instagram-ın “asılılıq yaradan dizaynı”nı dəyişməyi tələb edib.