QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, marketoloq Bəylər Əlizadənin sözlərinə görə, brendlərin keçmişə müraciəti illərdir istifadə olunan üsuldur, lakin şirkətlərin yalnız bu strategiyaya üstünlük verdiyini demək olmaz.

Əlizadə bildirib ki, nostalji mesajlar brend strategiyasının bir hissəsidir, yenilik və innovasiyalar da bu strategiyada mühüm yer tutur. Onun fikrincə, bazarda yeniliklərə yönələn brendlər təxminən 90 faizdir, keçmişə aid elementlərdən istifadə edənlərin payı isə 10 faizdən aşağıdır.

Marketoloq qeyd edib ki, şirkətlər məhsullarını təqdim etməzdən əvvəl auditoriyanı yaş, cins, maraqlar və digər demoqrafik göstəricilər üzrə təhlil edirlər. Hədəf kütləsində 30–35 yaşdan yuxarı şəxslər çoxluq təşkil etdikdə, brend həmin insanlarla emosional bağlılıq və etibar yaratmaq üçün retro üslublu reklam və mesajlara müraciət edə bilər.

Əlizadənin sözlərinə görə, keçmişin insana daha doğma və xoş görünməsi nostaljinin təsirini artırır. Zaman keçdikcə insanlar əvvəlki çətinlikləri və ağrıları belə müsbət xatirələrlə yada sala bilirlər. O, həmçinin yaşlı nəslin müasir məhsulların keyfiyyəti, dadı və tərkibi ilə bağlı narazılıqlarını vurğulayıb.

Marketoloq bu yanaşmanın obyektiv səbəblərindən birinin məhsul çeşidlərinin artması olduğunu bildirib. Onun sözlərinə görə, çeşidin çoxalması qiymətlərin azalmasına, bunun da keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər. Beləliklə, “əvvəl az idi, amma keyfiyyətli idi” düşüncəsi cəmiyyətdə hələ də aktuallığını saxlayır.

Əlizadə hesab edir ki, keçmişin doğma və etibarlı xatırlanması nostalji elementlərindən istifadə edən brendlərin də həmin müsbət hisslərlə əlaqələndirilməsinə gətirib çıxarır. Şirkətlər, xüsusilə bayram və özəl günlərdə, retro üslublu mesajlarla istehlakçıları uşaqlıq və ya gənclik illərinə qaytarmağa çalışırlar.