QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İlon Maskın sahibi olduğu xAI şirkəti elektrik şəbəkəsinə qoşulma gözləməsini azaltmaq üçün istifadədən çıxarılan təyyarələrin səkkiz reaktiv mühərrikini generatorlara uyğunlaşdırıb. Qurğular şirkətin süni intellekt məlumat mərkəzinin enerji tələbatını ödəmək üçün nəzərdə tutulub.
“The New York Times”ın məlumatına görə, təbii qazla işləyən turbinlər ABŞ-ın Missisipi ştatında yerləşdirilib və Tennessi ştatının Memfis şəhərindəki Colossus 2 məlumat mərkəzinə elektrik verir. Mühərriklərdən bəziləri Arizonada təyyarələrin saxlanıldığı qəbiristanlıqlardakı istismardan çıxmış hava gəmilərindən götürülüb.
Qurğuları ABŞ-ın “ProEnergy” mühəndislik şirkəti hazırlayır. Şirkət Boeing təyyarələrində işlədilən “General Electric” mühərriklərini təbii qazla çalışan enerji generatorlarına çevirir.
Bu yanaşmaya marağın artması məlumat mərkəzlərinin elektrik şəbəkəsinə qoşulmasında yaranan gecikmələrlə əlaqələndirilir. Enerji analitiki Audun Martinsen bildirib ki, reaktiv mühərriklər üzərində qurulan sistem məlumat mərkəzini təxminən 24 ay ərzində işə salmağa imkan verə bilər. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən isə ABŞ-ın Şimali Virciniya bölgəsində 100 meqavat gücündə elektrik şəbəkəsinə qoşulmaq üçün təxminən yeddi il gözləmək tələb olunur.
Bənzər üsuldan başqa texnologiya şirkətləri də yararlanır. “OpenAI” 2025-ci ildə Texasın Abilene şəhərindəki ilk “Stargate” layihəsində qaz turbinləri quraşdırıb. Məlumat mərkəzinin tikintisini aparan “Crusoe” şirkəti də “ProEnergy”dən 13 yenidən qurulmuş turbin sifariş edib.
Mütəxəssislər bu texnologiyanın ekologiyaya təsirinə dair narahatlıq ifadə edirlər. Onların bildirdiyinə görə, köhnə reaktiv mühərriklər müasir qaz turbinlərindən səmərəsizdir: eyni miqdarda elektrik istehsalı üçün daha çox yanacaq sərf olunur və atmosferə daha çox zərərli maddə buraxılır.
Missisipi ştatının xAI-a verdiyi icazələrdə generatorların karbonmonoksid emissiyasının digər turbinlərinkindən iki dəfə çox ola biləcəyi göstərilir. Uçucu üzvi birləşmələrin buraxılması üçün müəyyən edilən hədd isə 25 faiz yüksəkdir. “Southern Environmental Law Center” icazələrə etiraz edib.
Köhnə təyyarə mühərrikləri süni intellekt sektorunun artan enerji tələbatını tez qarşılamaq üçün alternativ olsa da, ekoloji təsirləri onların uzunmüddətli həll kimi istifadəsi ilə bağlı suallar yaradır.