QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Şanxayda humanoid robotların gündəlik iş şəraitində fəaliyyətini qiymətləndirmək üçün 24 saatlıq sınaq keçirilib. AGIBOT şirkətinin təşkil etdiyi eksperimentdə altı G2 robot mağazada müştərilərə xidmət göstərib.
Noyabrın 2-dən 3-dək davam edən sınaq müddətində robotlar müştəriləri qarşılayıb, məhsulları rəflərə yerləşdirib, qəhvə hazırlayıb və isti yemək təqdim ediblər. Onlar həmçinin sifariş qəbul edib, mağazanın təmizliyi ilə məşğul olublar.
Robotlar 24 saat ərzində 1730 tapşırığı icra ediblər. Bu müddətdə 683 müştəriyə xidmət göstərilib, 369 məhsul götürülərək çatdırılıb, 147 qəhvə hazırlanıb və 126 səhər yeməyi sifarişi yerinə yetirilib. Rəflər də yoxlanılıb, masalar təmizlənib.
Altı robotdan dördü yekun qiymətləndirmədən keçib. Təmizlik və rəflərə nəzarət tapşırığı verilən digər iki robot isə tələbləri tam şəkildə yerinə yetirə bilməyib.
Məlumata əsasən, zibil qabının dolması təmizlik robotunun müəyyənləşdirilmiş marşrutdan çıxaraq mağazadan kənara yönəlməsinə səbəb olub. Rəfləri yoxlayan robot isə tükənən məhsulların vaxtında tamamlanması üçün yetərincə təşəbbüs göstərməyib.
Sınaq robotların əvvəlcədən verilən tapşırıqlarla yanaşı, dəyişən şəraitdə ortaya çıxan gözlənilməz halları da müstəqil həll etmə qabiliyyətini yoxlamaq məqsədi daşıyıb. Eksperiment internet üzərindən iki milyondan artıq insan tərəfindən izlənilib.