QafqazNews Al Jazeera-a istinadən xəbər verir ki, Gürcüstan polisi Turkiyənin Beşiktaş klubunun azarkeşləri ilə Avropa Liqası matçı zamanı toqquşub.

Hadisə Batumidə Hapoel Beer-Sheva ilə keçirilən oyunun 26-cı dəqiqəsində baş verib. Beşiktaş tərəfdarlarının stadionda Fələstin bayrağı açması üzündən polislə azarkeşlər arasında qarşıdurma yaranıb və bu səbəbdən oyun təxminən 30 dəqiqə dayandırılıb. Matç daha sonra davam etdirilib və Beşiktaş 2:1 hesabı ilə qalib gəlib.

Türkiyə mətbuatı xəbər verir ki, gürcüstanlı xüsusi təyinatlı polis briqadaları tribunaya daxil olaraq beşiktaşlı azarkeşlərə qarşı bibər qazı tətbiq edib və bu hərəkət Danimarkalı hakim Morten Kroq tərəfindən oyunun 0:0 hesabı ilə dayandırılmasına səbəb olub.

Oyunun keçirilməsi UEFA tərəfindən təhlükəsizlik səbəbləri ilə İstanbuldən Batumiyə köçürülmüşdü. Hapoel-in əvvəlki iki səfər oyunundan fərqli olaraq bu dəfə tribunaya tamaşaçılara icazə verilmişdi.

Beşiktaş klubunun açıqlamasında gürcüstanlı polisin azarkeşlərə qarşı “nisbətsiz” güc tətbiq etdiyi qeyd olunub. Klub yayımladığı bəyanatda təhlükəsizlik qüvvələrinin davranışını qətiyyətlə pislədiklərini və hadisələrdən zərər çəkən azarkeşlərə tezliklə şəfa dilədiklərini bildirib.

Türkiyə Futbol Federasiyası da X sosial şəbəkəsində yayılan açıqlamada Beşiktaş azarkeşlərinə qarşı görülən tədbiri qınayıb, hadisənin araşdırılması üçün tələblərini bildirib. Trabzonspor, Fənərbaxça, Qalatasaray, Erzurumspor, Başakşehir və Samsunspor daxil olmaqla bir neçə Super Liqa klubu da Beşiktaşlılara qarşı tətbiq olunan gücü pisləyib.

Matçdan əvvəl Beşiktaş futbolçularının Hapoel oyunçuları ilə əl sıxmaqdan imtina etdiyi bildirilib. Oyundan sonra Beşiktaş tərəfindən X-də yayımlanan videoda klubun oyunçuları "İşğala qarşı ayağa qalxın. Fələstinə azadlıq" yazılı pankartı daşıyan azarkeşlərin arxasında şəkil çəkdirərkən görünür.

Hadisə diplomatik gərginlik yaradıb. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi oyundan sonra Gürcüstanın daxili işlər naziri ilə telefonla əlaqə saxlayaraq insidentə görə narahatlığını bildirib və azarkeşlərin təhlükəsiz şəkildə ölkəyə qaytarılması üçün tədbirlərin görülməsini tələb edib.

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili isə UEFA rəsmilərinin azarkeşlərin Fələstin bayraqlarını müsadirə etdiyini və bayraqların müsadirəsində Gürcüstan dövlət orqanlarının heç bir rolunun olmadığını bildirib.