QafqazNews JAMnews-a istinadən xəbər verir ki, Gürcüstanın baş naziri Irakli Kobaxidze 16 noyabrda Milli Biznes Assosiasiyasının konfransında çıxış edərək Rusiya və Avropa İttifaqı ilə münasibətlər, ölkədə siyasi sabitlik və iqtisadi inkişaf perspektivləri barədə danışıb.
Kobaxidze Moskva ilə dialoqun davam edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Gürücüstana Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndə təyin olunub və bu nümayəndənin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə ilk görüşü yaxın vaxtlarda planlaşdırılır. Görüşdə müxtəlif məsələlərin müzakirə olunacağı gözlənilir.
Lakin baş nazir vurğulayıb ki, Rusiya ilə münasibətlərin tam bərpasına iki əsas maneə var: Rusiyanın Gürcüstanın ərazilərini – Abxaziya və Tskhinvali (Cənubi Osetiya) bölgələrini işğal etməsi və onların “müstəqil” olduğunu tanıması.
“Gürcüstan rəhbərliyi bu qərarı geri dönməyəcək. Bu, geri dönməzdir,” Kobaxidze söyləyib.
Avropa İttifaqı ilə münasibətlərə toxunan baş nazir Avropa bürokratiyasını tənqid edərək, onun Avropanın real maraqlarını nəzərə almadığını bildirib. Kobaxidze Gürcüstanla daha sıx əlaqələrin Avropanın prioritetlərindən biri olmalı olduğunu vurğulayıb.
“Rusyadan izolyasiya və Yaxın Şərqdə davam edən münaqişənin fonunda Gürcüstan Avropanın şərqə açılan yeganə quru qapısı olaraq qalır. Belə bir vaxtda süni şəkildə problem yaradılanda, açıq və şəffaf dialoqun qarşısını kəsəndə, göstərir ki, Avropa bürokratiyası yenidən Avropanın obyektiv maraqlarına qarşı çıxır,” o əlavə edib.
Kobaxidze ölkədə siyasi sabitliyin vacibliyindən də danışıb və hökumətin xarici qüvvələrin maliyyələndirdiyi destabilizasiya cəhdlərindən Gürcüstanı qorumağa nail olduğunu bildirib. O, QHT-lərə və mediaya xarici maliyyələşməni məhdudlaşdıran qanunun qəbulunu bu prosesin mühüm addımlarından biri kimi qiymətləndirib.
Qanun Avropa İttifaqı və beynəlxalq təşkilatlar tərəfindən kəskin tənqid olunub; onlar bildirirlər ki, bu, vətəndaş cəmiyyətinə təhdid yaradır, media azadlığını məhdudlaşdırır və Gürcüstanda demokratik standartları zəiflədə bilər.
“Son dövrlərdə siyasi sabitliyi təmin etməyi bacarmışıq, bu asan olmayıb. Ölkəmizi, o cümlədən xarici təhdidlərdən qorumaq və suverenliyimizi, müstəqilliyimizi təmin etmək üçün çox cəsarətli və qəti addımlar atmalı olduq,” Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, sabitlik iqtisadiyyatın və biznesin davamlı inkişafı üçün zəruri şərtdir. O, həmçinin Gürcüstanın iqtisadi artımının effektli iqtisadi çərçivə, qanunvericilik və güclü hökumət komandası ilə əsaslandırıldığını vurğulayıb və iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini xüsusi qeyd edib.
Beynəlxalq Valyuta Fondu isə Gürcüstanla Avropa İttifaqı arasındakı pisləşən münasibətlərin investorların etimadına mənfi təsir göstərə biləcəyini, ölkə iqtisadiyyatında problemlər və risklərin olduğuna diqqət çəkir, lakin iqtisadiyyatın böyüdüyünü və bank sisteminin stabilliyini saxladığını bildirir.