QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Nvidia”nın səhmləri əsas birja əməliyyatları yekunlaşandan sonra 7 faizdən çox dəyər itirib. Buna direktorlar şurasının baş direktor Censen Huanqı vəzifəsindən uzaqlaşdıra biləcəyi barədə yayılan məlumatların səbəb olduğu bildirilir.

Son göstəricilərə əsasən, şirkətin səhmləri 7,38 faiz geriləyərək 160,90 dollara enib. Çərşənbə günü isə qiymətli kağızlar 2,87 faiz bahalaşaraq 173,73 dollara çatmışdı.

“Wall Street Journal”ın yazdığına görə, direktorlar şurası çərşənbə günü Huanqın rəhbər vəzifəsindən kənarlaşdırılması məsələsini müzakirə edə bilər.

Bundan əvvəl “The New York Times” sahibkar Alis Huanqın Censen Huanqla yaxın əlaqələrinin olduğunu və Çin dövlət qurumlarına məlumat ötürdüyünü iddia etmişdi. Censen Huanq bu münasibətin mövcudluğunu təsdiqləyib. Ardınca “Nvidia” məsələ ilə bağlı müstəqil araşdırma aparacağını bəyan edib.

Ötən gün Huanqın şirkətin səhiyyə məhsulları üzrə vitse-prezidenti Kimberli Pauell ilə münasibətdə olduğu barədə xəbərlər yayılıb.

“Nvidia” 1999-cu ildə yaradılıb. Şirkətin baş ofisi ABŞ-nin Kaliforniya ştatındakı Santa-Klara şəhərindədir. O, qrafik prosessorlar istehsal edir və süni intellekt texnologiyalarını inkişaf etdirir.