QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, SOCAR Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda neftvermə əmsalını 40 faizdən yuxarı qaldırmağı hədəfləyir.

Bu barədə şirkətin vitse-prezidenti Babək Hüseynov “AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar” tədbirində danışıb. O bildirib ki, AÇG həm Azərbaycan, həm də beynəlxalq neft sənayesi üçün mühüm aktivdir. Yataqda milyardlarla barel ehtiyat var və indiyədək böyük həcmdə hasilat aparılsa da, çıxarılmamış əhəmiyyətli resurslar qalır.

Hüseynovun sözlərinə görə, AÇG rezervuar göstəricilərinə görə dünyada qabaqcıl yataqlar sırasındadır. Keçiricilik, məsaməlilik, yatağın ölçüsü və digər geoloji xüsusiyyətlər bu baxımdan önəmlidir.

Yataq hasilatın ən yüksək mərhələsini keçib və indi təbii azalma dövründədir. SOCAR mövcud potensialdan daha səmərəli yararlanmaqla ümumi neftvermə göstəricisini artırmağa çalışır.

Vitse-prezident qeyd edib ki, SOCAR ayrıca qiymətləndirmə aparmaq əvəzinə, layihənin operatoru BP ilə birgə araşdırma aparıb. Tədqiqatın məqsədi yatağın istismar dövrü ərzində əldə oluna biləcək yekun neftvermə əmsalını müəyyənləşdirmək olub.

Babək Hüseynov neftin keyfiyyətini və mövcud infrastrukturu nəzərə alan qiymətləndirmənin AÇG-də son göstəricinin 40 faiz həddini keçə biləcəyini ortaya qoyduğunu bildirib. Onun sözlərinə görə, bu, dünya neft sənayesi üzrə ən yüksək nəticələrdən sayılır.

Hədəfə çatmaq üçün yatağın yeraltı quruluşunun və rezervuar xüsusiyyətlərinin daha ətraflı öyrənilməsi məqsədilə geniş seysmik tədqiqatlar aparılır.

SOCAR rəsmisi bildirib ki, şirkət BP ilə əməkdaşlıqda texniki baxımdan reallaşdırıla bilən layihələrin iqtisadi səmərəliliyi araşdırılmamış ilkin mərhələdə siyahıdan çıxarılmamasını təklif edib. Əvvəlcə texniki imkanların tam müəyyənləşdirilməsi, sonra layihələrin qiymətləndirilməsi əsas götürülüb. Bu çərçivədə SOCAR ayrıca texniki rəyini də təqdim edib.

Hüseynov AÇG-nin hasilat imkanlarını artırmaq üçün görülən işlərin SOCAR və BP-nin birgə fəaliyyəti ilə həyata keçirildiyini vurğulayıb. Tərəflər yatağın potensialına uyğun layihələri birlikdə seçib və onların icrasına başlayıblar.