Oktyabrda Azərbaycanda avtomobillərin median qiyməti 3,7 faiz yüksələrək 19 500 manat olub. QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) artımın avtomobillərin real qiymətinin bahalaşmasından deyil, satış elanlarındakı nəqliyyat vasitələrinin tərkibinin dəyişməsindən qaynaqlandığını bildirib.

AQP-nin hesablamalarına əsasən, ay ərzində avtomobil elanlarının sayı 7 faiz azalaraq 37 531-ə enib. Orta qiymət isə 1,9 faiz artaraq 30 089 manat təşkil edib. Ucuz seqmentdə VAZ-ın elanlardakı payı 9,4 faizdən 8,8 faizə, KIA-nın payı 7,5 faizdən 5,7 faizə düşüb. Bunun əksinə olaraq, “Mercedes”, “Hyundai”, “Toyota” və BMW kimi bahalı markaların payı yüksəlib. Nəticədə ayrı-ayrı avtomobillərin qiymətində artım olmadan bazarın median göstəricisi dəyişib.

Bazar tərkibinin təsirini nəzərə almaq üçün 2025-ci ilin dekabrı baza seçilərək iki indeks hesablanıb. Bütün elanları əhatə edən dəyişən struktur indeksi ay ərzində 3,7 faiz artımla 112,7 bəndə yüksəlib. Ən çox təklif edilən 9 kütləvi marka-modelin qiymətlərini izləyən sabit struktur indeksi isə 0,4 faiz artaraq 104,2 bənd olub. Bu göstəricilər arasındakı 3,3 faiz bəndlik fərq elanların tərkibindəki dəyişikliklə izah edilir.

Həm sentyabrda, həm də oktyabrda satışda olan 7 156 elanın 39,6 faizində qiymət endirilib, 8,9 faizində isə artırılıb. Həmin avtomobillərin orta qiyməti 1,5 faiz azalıb. Bu dinamika bazarda süni bahalaşmanın olmadığını göstərir.

Kütləvi avtomobillər üzrə qiymətlər sentyabrda 1,1 faiz artdıqdan sonra oktyabrda sabitləşib. Sabit səbətdə yer alan 9 modeldən “Hyundai Sonata” 2,4 faiz bahalaşaraq 23 750 manata, “Ford Fusion” 1,6 faiz artımla 18 500 manata çatıb. “Opel Astra”nın qiyməti 9 400 manat, “Ford Transit”in qiyməti isə 19 000 manat olmaqla hər ikisi 1,1 faiz yüksəlib. “Hyundai Elantra” 0,5 faiz bahalaşaraq 21 500 manat olub, VAZ-2107-nin qiyməti 5 500 manatda qalıb.

Eyni dövrdə “KIA Sorento” 0,3 faiz ucuzlaşaraq 34 800 manata, “Chevrolet Cruze” 0,7 faiz enişlə 13 300 manata, “Hyundai Santa Fe” isə 1,4 faiz azalma ilə 28 500 manata düşüb.

Oktyabrda təkliflərin 51,2 faizi 20 min manatdan, 22,9 faizi isə 10 min manatdan aşağı qiymətə olub. 50 min manatdan baha avtomobillər ümumi təkliflərin 13 faizini təşkil edib. Median buraxılış ili 2013-cü il səviyyəsində qalsa da, median yürüş 3 000 kilometr azalaraq 190 min kilometrə enib.

Elanların 52,2 faizi 13 yaş və daha köhnə avtomobillər, 16,4 faizi isə 3 yaşadək nəqliyyat vasitələri ilə bağlıdır. Yeni avtomobillər elanların 8,2 faizini təşkil edib və onların median qiyməti 44 300 manat olub. Təkliflərin 66,9 faizi Bakıya aiddir; paytaxtda median qiymət 23 900 manatdır. Digər elanlar əsasən Sumqayıtın (6,6 faiz) və Gəncənin (4,3 faiz) payına düşüb. Bu şəhərlərdə median qiymət 12 500 manat təşkil edib.

Yanacaq növünə görə avtomobillərin 66,7 faizi benzinlə, 20,4 faizi dizellə işləyir. Hibrid və elektrik avtomobillərinin birlikdə payı 12,9 faizdir. Elektrik avtomobilləri üzrə 496 elan, yəni ümumi sayın 1,3 faizi qeydə alınıb; onların median qiyməti 50 750 manatdır.

Ban növündə sedanlar 43,9 faiz, beşqapılı SUV-lar 29,6 faiz paya sahibdir. Avtomat sürətlər qutusu transmissiyaların 72,2 faizini təşkil edir. Marka sıralamasında “Mercedes” 15,1 faizlə öndədir. Sonrakı yerlərdə “Hyundai” (10,9 faiz) və LADA (8,8 faiz) qərarlaşıb. Çin istehsalçılarından “Changan” 1 463 elanla doqquzuncu yerdədir. BYD üzrə 348, “Geely” üzrə isə 231 elan yerləşdirilib.

Ən aktiv 120 marka-modelin 25 063 elanı əsasında qurulan hedonik modelə əsasən, avtomobilin hər əlavə istismar ili onun qiymətini 5,8 faiz, hər 1 000 kilometrlik əlavə yürüş isə 0,037 faiz azaldır. Mexaniki sürətlər qutusu olan avtomobillər avtomat transmissiyalı modellərdən 8,3 faiz ucuzdur.

Vuruq olmadan rənglənmiş avtomobillərlə digərləri arasındakı qiymət fərqi 0,2 faizdir. Vurulub rənglənmiş avtomobillər 7,5 faiz, təmirsiz qəzalı nəqliyyat vasitələri isə 23,1 faiz aşağı qiymətə təklif olunur. AQP alıcı və satıcılara bazarın ümumi medianı ilə kifayətlənməyərək avtomobilin texniki göstəricilərini nəzərə almağı, qiymətləndiricilərə isə sabit struktur indeksindən və yenilənmiş hedonik əmsallardan istifadə etməyi tövsiyə edib.

Azərbaycan Qiymətləndiricilər Palatası daşınmaz əmlak, avtomobil və tikinti indekslərini hər ay açıqlayır.