QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Əkrəm Həsənov Azərbaycanda tətbiqi planlaşdırılan saatlıq əməkhaqqı sisteminin əmək bazarında real təsir göstərməyəcəyini düşünür.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin noyabrın 11-də keçirilən iclasında komitə sədri Musa Quliyev Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər barədə danışıb. Onun sözсээр, layihə təsdiqlənərsə, 2027-ci il martın 1-dən saatlıq və minimum saatlıq əməkhaqqı sisteminin tətbiqinə başlanacaq.
Dəyişikliklərə görə, sistem əmək müqaviləsinin bir aydan az müddətə bağlandığı, yaxud həftəlik iş vaxtının 20 saatı aşmadığı hallarda qüvvədə olacaq. Minimum saatlıq əməkhaqqının əvvəlcə kənd təsərrüfatı, yaşayış, turizm, iaşə, məişət və daşıma xidmətləri, həmçinin informasiya texnologiyaları sahələrində tətbiqi nəzərdə tutulur.
Həsənovun fikrincə, əməkhaqqının saat, gün və ya ay üzrə hesablanması mahiyyətcə fərqli nəticə vermir. O, mövcud qaydada aylıq məbləğin iş günlərinə, daha sonra saatlara bölündüyünü və beləliklə, faktiki olaraq saatlıq ödəniş alındığını bildirib.
“Bu mövzu artıq iki ilə yaxındır ki, müzakirə edilir. Bu, tamamilə formal, yəni “Həsən keçəl, keçəl Həsən” məsələsidir. Əməkhaqqının saathesabı, aylıq və ya gündəlik hesablanmasının mahiyyət etibarilə heç bir fərqi yoxdur. İşçi bir neçə saatlıq çalışdıqda belə, ona ödəniş onsuz da edilir. Mövcud qaydada aylıq maaş müəyyən olunur, həmin məbləğ iş günlərinə, gün isə saatlara bölünür. Nəticə etibarilə yenə də saathesabı ödəniş həyata keçirilir”, – ekspert deyib.
O, yeni mexanizmdən əvvəl Əmək Məcəlləsində işçilərin hüquqlarının qorunması ilə bağlı problemlərə diqqət yetirilməli olduğunu vurğulayıb. Ekspertin qənaətinə əsasən, dəyişikliklə bağlı konkret müsbət nəticələr izah edilmədiyi halda, onun real təsiri olmayacaq.
“Hazırda bu məsələni yenidən gündəmə gətirənlər müzakirələrdə müxtəlif vədlər verirlər. Lakin təcrübədə heç bir ciddi dəyişiklik baş verməyəcək. Əmək Məcəlləsində işçilərin hüquqlarının qorunması ilə bağlı həllini gözləyən kifayət qədər vacib problemlər var. Bu yenilik nəyi dəyişəcək? Heç nəyi. Qanunu qəbul edənlər konkret olaraq hansı müsbət dəyişikliklərin olacağını izah etməlidirlər. Şəxsi qənaətimə görə, bu addım real nəticə verməyəcək”.