QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Lənkəranda bir ailənin 9 üzvü zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.

TƏBİB-in məlumatına əsasən, onların arasında bir qadın, bir kişi və yeddi uşaq olub. Ailə üzvləri noyabrın 11-də saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu qoyulub və lazımi tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Qida Təhlükəsizliyi Agentliyi hadisəni nəzarətə götürərək araşdırmaya başlayıb. İlkin məlumata görə, Osaküçə kəndində yaşayan ailə üzvləri evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor yedikdən sonra özlərini narahat hiss ediblər. Agentliyin əməkdaşları müvafiq tədbirlər həyata keçirir.

Hadisə ilə bağlı ilkin məlumatlarda zəhərlənmənin evdə hazırlanmış turşudan baş verdiyi qeyd olunub və fakt üzrə araşdırma aparıldığı bildirilib.

AQTA məişət şəraitində hazırlanan ərzaqların saxlanma və daşınma qaydalarına, temperatur rejiminə, həmçinin gigiyena tələblərinə əməl etməyin vacibliyini xatırladıb.