QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Bakıda sağlamlıq mərkəzinin rəhbəri Babək Rəhimlinin qətlində təqsirləndirilən sürücü Natiq Fətiyev və qeydiyyatçı Fərqanə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları yoxlanılıb. Onların barəsində seçilmiş həbs qətimkan tədbirləri qüvvədə saxlanılıb və iş məhkəmə baxışına verilib.
Növbəti məhkəmə iclası dekabrın 13-nə təyin olunub.
İstintaqın məlumatına görə, 2026-cı il iyulun 9-da Nərimanov rayonu, A.Gəraybəyli küçəsindəki “SUDU” sağlamlıq mərkəzinin rəhbəri, 1985-ci il təvəllüdlü paytaxt sakini Babək Rəhimli başına küt alətlə vurularaq öldürülüb. Cinayətdə onun sürücüsü, 1988-ci il təvəllüdlü Bakı sakini Natiq Fətiyev və mərkəzin qeydiyyatçısı Fərqanə Quliyeva şübhəli biliniblər.
Məlumatda bildirilir ki, mübahisə zamanı öldürülən Rəhimlinin meyiti avtomobilə qoyularaq Salyan rayonunun Kürsəngi kəndindəki gölün sahilinə aparılıb. Natiq Fətiyev həmin ərazidə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın gedişində Fərqanə Quliyeva da qətllə bağlı şübhəli şəxs kimi cəlb edilib və həbs olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) və 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından və ya informasiya texnologiyalarından istifadə etməklə oğurluq) maddələri ilə ittiham irəli sürülüb.