QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İndoneziyanın vitse-prezidenti Gibran Rakabuming Raka təhsil sənədinin saxta olması iddiaları ətrafında yaranan qalmaqaldan sonra vəzifəsini tərk etmək üçün müraciət edib.
“Jakarta Globe” qəzetinin yaydığı məlumata əsasən, siyasətçi ərizəsini ölkənin ali qanunvericilik orqanı hesab olunan Xalq Məşvərət Konqresinin sədri Əhməd Muzaniyə təqdim edib. Ərizədə müraciətə təcili baxılması istənilib. Konqres rəhbərliyinin həmin gün onun vəzifədən uzaqlaşdırılması məsələsini müzakirə etmək üçün toplaşacağı bildirilib.
39 yaşlı Gibranın orta təhsil sənədinin həqiqiliyi ilə bağlı mübahisələr 2023-cü ildən gündəmə gəlib. O vaxt sosial platformalarda siyasətçinin orta məktəbi bitirmədiyi və etibarlı attestata sahib olmadığı barədə iddialar yayılıb. Həmin iddialarda bunun onun 2024-cü il seçkilərində iştirakını qanunsuz etdiyi də qeyd olunub.
Daha sonra sabiq ədliyyə nazirinin müavininin rəhbərlik etdiyi aktivistlər qrupu seçki nəticələrinin ləğv edilməsi və Gibranın vəzifədən kənarlaşdırılması tələbi ilə İndoneziya Ali Məhkəməsinə rəsmi şikayət edib.
Gibran Rakabuming Raka 2014–2024-cü illərdə prezident olmuş Joko Vidodonun böyük oğludur. O, 2024-cü il seçkilərində Prabovo Subianto ilə birgə vitse-prezidentliyə namizədliyini irəli sürüb. Bu ittifaq hazırkı prezidentin tərəfdarlarını onun sələfinin siyasi nüfuzu ilə bir araya gətirib. Prabovo özünün “Gerindra” Partiyasına rəhbərlik etdiyi halda, Gibran əsasən Joko Vidodonun siyasi çevrəsinin təmsilçisi sayılır.