QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Türk musiqi qrupunun sabiq solisti və bağlama ifaçısı Ali Abacı 60 yaşında vəfat edib.

Grup Laçin üzvlərindən Teoman Dalcı sosial media paylaşımında Abacı'nın ölümünü açıqlayıb. Dalcı birlikdə keçirdikləri illəri xatırlayaraq “Usta müzisyen, usta yorumcu ve bir dönem Grup Laçin'in solistliğini yapan, acı tatlı pek çok anımızı paylaştığımız canımız kardeşimiz Ali Abacı'yı kaybettik. Devri daim mekanı cennet olsun. Çok üzgünüz.” sözlərini yazıb.

Məlumata görə, uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan Ali Abacı 60 yaşında dünyasını dəyişib. Onun dəfn mərasiminin 16 noyabrda Ankarada təşkil olunacağı bildirilib.

1991-ci ildə qurulan Grup Laçin, xüsusilə 1998-ci ildə yayımlanan “Bekar Gezelim” mahnısı ilə geniş kütlələrin diqqətini çəkmiş və həmin il Türkiyənin “İlin Ən Yaxşı Qrupu” və “İlin Ən Yaxşı Çıxış edən Qrupu” mükafatlarını qazanmışdı.

Ali Abacı qrupun əvvəlki solisti və bağlama ustası kimi 1990-cı illərdəki fəaliyyətində dinləyicilərin yaddaşında iz qoyan ifaları ilə tanınırdı. O, ardında musiqi dünyasında xatırlanacaq işləri və xatirələri qoyub.