QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Global Media Group” və “Report” İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə hazırlanan “Vətən daşı” sənədli filmi YouTube-da yayımlanıb.

Filmin ideya və ssenarisini Namiq Mayılov yazıb. Quruluşçu rejissor Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüser isə Fuad Hüseynəliyevdir.

Sənədli əsər Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi olmuş polkovnik-leytenant Əkrəm Şadmanovun və ailəsinin həyatından bəhs edir. Şadmanov antiterror tədbirləri zamanı şəhid olub.

Kəlbəcərin Ermənistan tərəfindən işğalından sonra məcburi köçkünlük həyatı yaşayan ailə çətinliklərə rəğmən doğma yurda dönmək ümidini qoruyub. Torpaqların azad edilməsi məqsədilə ailədə iki peşəkar hərbçi yetişib.

Şadmanov qardaşları 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində döyüşərək bir sıra rayon və kəndlərin azad edilməsində iştirak ediblər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə onlar orden və medallara layiq görülüblər. 2023-cü il sentyabrın 24-də azad edilmiş mövqelərə gedərkən qardaşlardan biri, polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində həlak olub.

Filmdə onun və ailəsinin taleyi vasitəsilə xalqın qəhrəmanlıq salnaməsi, Vətən sevgisi, Qələbə sevinci və doğma torpaqlarda qurub-yaratmaq əzmi təqdim edilir.

Ekran əsərinin ilk nümayişi Vətən müharibəsi və antiterror tədbirlərinin ildönümü ərəfəsində, sentyabrın 23-də keçirilib. Təqdimatda şəhidin valideynləri, döyüş yoldaşları, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.