QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, fransız aktyor Alen Delonun keçmiş həyat yoldaşı Rozali van Breemen “Amour fou” (“Dəli məhəbbət”) adlı memuarlarında uzunmüddətli münasibətləri ilə bağlı şəxsi xatirələrini və iddialarını açıqlayıb. Fransada nəşr olunan kitab ictimai müzakirələrə səbəb olub.
Niderland əsilli model və jurnalist van Breemen 1987–2002-ci illər arasında Delonla təxminən 15 il birgə yaşayıb. Onların bu münasibətdən Anuşka və Alen-Fabien adlı iki övladı var.
Van Breemen kitabında kənardan romantik görünən münasibətin çətinliklərlə, aqressiv davranışlarla və fiziki zorakılıq iddiaları ilə müşayiət olunduğunu yazır. O, Delonda bipolyar pozuntu olduğunu iddia etsə də, aktyora bu diaqnozun rəsmi qaydada qoyulmadığını qeyd edir. Memuarlarda əhvalın kəskin dəyişməsi, qəzəb və dağıdıcı davranışlarla bağlı təsvirlər yer alır.
Müəllifin iddiasına əsasən, Delon iki dəfə onun burnunu sındırıb; hadisələrdən biri eyni gün baş verib. Van Breemen aktyorun onu bıçaq və odlu silahla hədələdiyini də yazır. Kitabda əşyaların və qabların yerə çırpılması, təhqirlər və aqressiv davranışlarla bağlı epizodlar da təsvir olunur.
Van Breemen tibbi yardım üçün müraciət etdiyini, mümkün hücumlardan birindən sonra jandarmaya şikayət etməyə çalışdığını, lakin müraciətinin qəbul olunmadığını bildirir.
Müəllif bu barədə uzun müddət danışmadığını, açıqlamalarını Delonun ölümündən iki ildən artıq vaxt keçəndən sonra vermək qərarına gəldiyini qeyd edir. Alen Delon 2024-cü il avqustun 18-də vəfat edib.
“Robert Laffont” nəşriyyatının çap etdiyi “Amour fou” 2026-cı il noyabrın 12-də işıq üzü görüb. Memuarlarda yer alan məlumatlar Rozali van Breemenin şəxsi ifadə və iddialarıdır, məhkəmə tərəfindən təsdiqlənmiş faktlar sayılmır.