QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Birinci Türkoloji Qurultayın yüzilliyinə həsr edilən beynəlxalq simpozium noyabrın 30-da Londondakı Britaniya Kitabxanasının Pigott Theatre zalında keçiriləcək. Tədbir “Qlobal tarixdə Türk dünyası: kimlik və mədəni irs. Bakı 1926 – London 2026” adlanır.

Simpozium Türk Mədəniyyəti və İrsi Fondu ilə Böyük Britaniyada akkreditə olunmuş türk dövlətlərinin səfirliklərinin təşkilatçılığı ilə baş tutacaq. Görüşdə müxtəlif ölkələrdən alimlər və türkoloqlar, beynəlxalq təşkilatların, elmi-mədəni qurumların təmsilçiləri, eləcə də diplomatlar iştirak edəcəklər.

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının dilinin, tarixinin və mədəni irsinin elmi araşdırılmasına əsas yaradıb. Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər təşkil etmək təklifi 2025-ci il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşündə dövlət başçıları tərəfindən yekdilliklə dəstəklənib.

Özbəkistanın Səmərqənd şəhərində noyabrın 20–21-də keçirilən İkinci Türkoloji Qurultay bir əsr əvvəl Bakıda başlayan elmi dialoqu davam etdirib. Londondakı simpozium yubiley proqramının beynəlxalq tədbirlərindən biri kimi iki qurultayın elmi irsini nəzərdən keçirəcək, türkologiyanın gələcək inkişafına dair məsələlərə diqqət ayıracaq.

Proqramda açılış mərasimi, plenar iclas və iki elmi sessiya yer alır. Açılışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın Britaniyadakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin çıxış etməsi planlaşdırılır. Həmçinin Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyəti və İrsi Fondunun və TDT Ağsaqqallar Şurasının rəhbərliyi də tədbirdə çıxış edəcək.

Müzakirələr “Əsrlər boyu türkoloji araşdırmalar: tarix, mənbələr və elmi ənənələr” və “Türk dünyasının mədəni yaddaşı: irs, kimlik və müasir perspektivlər” mövzularında aparılacaq. İştirakçılar türk xalqlarının mədəni irsinin öyrənilməsində tarixi rolu və kimlik məsələlərini, habelə müasir tədqiqatlarda rəqəmsal texnologiyalardan və süni intellektdən istifadə imkanlarını nəzərdən keçirəcəklər.

Tədbir zamanı Türk Mədəniyyəti və İrsi Fondunun elmi nəşrləri də təqdim olunacaq. Onların sırasında “Türk dünyasının mədəni kodu” çoxdilli kataloqu və “Türk folklor irsi” antologiyası var. Nəşrlərin məqsədi ortaq mədəni irsin qorunmasına, araşdırılmasına və beynəlxalq miqyasda tanıdılmasına töhfə verməkdir.

Fondun təşəbbüsü ilə Ümumdünya Gənc Türkoloqlar Şəbəkəsinin (World Network of Young Turkologists) yaradılması da simpoziumun əsas təşəbbüsləri sırasındadır. Platformanın türk dövlətləri, Böyük Britaniya və digər ölkələrdən gənc tədqiqatçıları birləşdirərək elmi əməkdaşlığı, akademik mobilliyi və birgə layihələri inkişaf etdirməsi hədəflənir.

Universitetlər, elmi-tədqiqat mərkəzləri, kitabxanalar və muzeylər arasında əlaqələrin genişləndirilməsi də gündəmdə olacaq. Xüsusilə Britaniya və digər ölkələrin kolleksiyalarında saxlanılan türk tarixi-mədəni irsinin araşdırılması, kataloqa salınması və rəqəmsallaşdırılması məsələlərinə diqqət yetiriləcək.

Simpoziumun yekununda London Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur. Sənəddə ötən əsrdə türkologiyada əldə olunan nailiyyətlərin beynəlxalq səviyyədə tanınması, türk xalqlarının tarix və mədəniyyətinin araşdırılmasına töhfə verən bir neçə nəsil alimin əməyinin qeyd olunması, habelə gələcək elmi əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi planlaşdırılır.

“Bakı 1926 – London 2026” simpoziumu elmi əlaqələrin inkişafı, ortaq mədəni irsin mühafizəsi və XXI əsrdə türkologiyanın irəliləməsi istiqamətində mühüm mərhələ kimi nəzərdə tutulur.