QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Qafqaz Albaniyasının tarixi üzrə tədqiqatların genişləndiriləcəyini bildirib.

O, bu barədə “Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində” adlı XIII beynəlxalq elmi konfransda çıxışı zamanı danışıb.

Həbibbəylinin sözlərinə görə, Albaniyanın tarixi ərazilərinin hansı müasir dövlətə aid olduğu, eləcə də tarixi abidələrin mənsubiyyəti məsələləri müxtəlif ölkələr arasında ciddi fikir ayrılığı yaradır. O qeyd edib ki, mövzu Azərbaycan və dünya tarixşünaslığı baxımından əhəmiyyətlidir, indiyədək tədqiqatlar aparılsa da, əlavə araşdırma tələb edən məsələlər qalır.

Akademik bildirib ki, cari ildə bu sahədə işlər daha geniş miqyas alacaq. Antropoloji və etnoqrafik ekspedisiyaların təşkili üçün əhəmiyyətli addımlar atılacaq və fəaliyyət ilk dəfə praktik səviyyədə həyata keçiriləcək.

İsa Həbibbəyli, həmçinin alman müəlliflərinin bəzi əsərlərinin ermənilər tərəfindən tərcümə olunaraq beynəlxalq ictimaiyyətə təqdim edildiyini deyib. Onun fikrincə, həmin nəşrlər vasitəsilə həqiqətə uyğun olmayan müddəalar da yayılır.

AMEA rəhbəri bu səbəbdən alman müəlliflərinin əsərlərinin orijinal variantlarının müəyyənləşdirilməsi və əldə olunması, həmçinin onların Azərbaycan dilinə dəqiq tərcüməsinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə müvafiq təşəbbüslə çıxış edəcəklərini bildirib.