QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Yasamal rayonunun “Sovetski” kimi tanınan ərazisində yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi statusu daşıyan “Şor hamamı” baxımsız qalıb.

1889-cu ildə tikilən və uzun müddətdir işləməyən binanın bərpa edilməməsi narazılıq yaradıb. Hamamın arxa tərəfindəki evlər söküldükdən sonra damında olan dörd günbəz üzə çıxaraq kənardan görünməyə başlayıb.

Binanın yalnız ön fasadının təmir edildiyi bildirilir. İddialara əsasən, işlər hamama bitişik altı mərtəbəli binanın əvvəlki sahibi tərəfindən öz mülkünün ümumi görünüşünü qorumaq üçün aparılıb. Həmin bina hazırda istifadə olunmur.

Tarixi abidənin fasadının müasir aqlay daşlarla üzlənməsi onun ilkin memarlıq üslubuna uyğun hesab edilmir. Abidənin tarixi görkəmi saxlanılmaqla bərpasının vacibliyi qeyd olunur.

Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazidə abadlıq və quruculuq işləri davam edir. Qurumun açıqlamasına görə, “Şor hamamı”nın sökülməsi planlaşdırılmır.

İcra hakimiyyəti əlavə edib ki, hamam tarixi-mədəni irs nümunəsi kimi dövlət mühafizəsindədir və müvafiq reyestrə salınıb. Qurumun bildirdiyinə görə, ərazidə görülən abadlıq işləri abidənin qorunması prinsiplərinə əsaslanır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərilib.