QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-də keçirilən aralıq seçkilər Konqres və Senatda siyasi qüvvələr nisbətini dəyişib, yeni senatorların fəaliyyəti ilə müxtəlif maraq qruplarının təsir imkanlarını artırmaq cəhdləri də gündəmə gəlib.
Seçkinin diqqətçəkən nəticələrindən biri Misir əsilli Abdul El-Sayedin ABŞ tarixində Senata seçilən ilk müsəlman olmasıdır. Bununla yanaşı, kampaniya zamanı erməni təşkilatları, xüsusilə Amerika Erməni Milli Komitəsi (ANCA) ona dəstək verib. El-Sayedin daha əvvəl Azərbaycana ABŞ hərbi yardımını beynəlxalq hüququn pozulması kimi təqdim edən bəyanatı da Azərbaycan ictimaiyyətində suallar yaradıb.
Bir müddət əvvəl Amerika Azərbaycan Cəmiyyəti bu mövqeyə etiraz olaraq El-Sayedə məktub göndərib və yanaşması ilə hörmətli, lakin qəti şəkildə razılaşmadığını bildirib.
Milli Məclisin deputatı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, ABŞ-də tarixi seçki keçirilib. Onun sözlərinə görə, enerji qiymətlərinin artması və əhalinin narazılığı fonunda, Trampın siyasətinə görə demokratlar daha çox səs qazanıb, Senat və Konqresə nəzarəti ələ alıblar.
İsmayılzadə nəticənin daha çox İran müharibəsi ilə bağlı prosesləri və Trampın siyasətindən narazı seçicilərin mövqeyini əks etdirdiyini deyib. O, ilk müsəlman senatorun seçilməsinin müsəlman dünyasını daha yaxşı anlamağa imkan yarada biləcəyini qeyd edib. Bununla belə, deputat El-Sayedin seçildiyi Miçiqanla yanaşı, Nyu-Cersi və Kaliforniyada da erməni lobbisinin fəal olduğunu, seçki kampaniyalarında ianə verərək öz ideyalarını irəli sürməyə çalışdığını vurğulayıb.
Deputatın sözlərinə görə, eşitdiyi məlumatlarda El-Sayedin ermənipərəst çıxışları və bəyanatları olduğu bildirilir. O, belə siyasətçilərə reallıqları çatdırmağın vacibliyini qeyd edib. İsmayılzadə erməni diasporu və lobbisinin 30 ildən artıqdır yanlış, saxta təbliğat apardığını söyləyib.
O, Qarabağdakı işğal, müsəlman dini abidələrinin dağıdılması və ermənilərin törətdiyi vandalizm aktları barədə məlumatların çatdırılmalı olduğunu bildirib. Deputatın qeyd etdiyi məlumata görə, 65 məscid dağıdılıb.