QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətinə qatılmaqda şübhəli bilinən iki vətəndaş ölkəyə gətirildikdən sonra həbs olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti bildirib ki, saxlanılan şəxslər xaricdə dini düşmənçilik, radikalizm və fanatizm zəminində yaradılmış silahlı qrupun tərkibində fəaliyyət göstəriblər.

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, Yunus Abdurahmanov 15 noyabr 2025-ci ildə xarici ölkəyə gedərək “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD – Vilayəti Xorasan) terror təşkilatına qoşulub. O, dağlıq ərazidə yerləşən xüsusi hazırlanmış gizli mağara düşərgəsində məskunlaşıb, odlu silah və döyüş sursatları ilə təmin edilib, terror-təxribat aktları üçün keçirilən hərbi təlimlərə qatılıb. Abdurahmanov xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Qruplaşmanın digər üzvü Abdulla Həsənbəyovun isə xarici dövlətin hökumət qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmək niyyəti ilə ölkəni tərk etdiyi bildirilib. Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında həmin dövlətin təhlükəsizlik orqanları ilə birgə görülən tədbirlər nəticəsində o, gizli marşrutla hərəkət edərkən tutulub.

Yunus Abdurahmanov Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi, Abdulla Həsənbəyov isə 29 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.